Azərbaycanın turizm imkanları 18-22 yanvar tarixlərində İspaniyanın paytaxtı Madriddə “FITUR” turizm sərgisində nümayiş etdirilib.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə və 4 yerli tərəfdaşın iştirakı ilə milli stenddə ziyarətçilərə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə Azərbaycanın turistik məkanları, milli mətbəx nümunələri, şərabçılıq, qolf, sağlamlıq, mədəni, eləcə də dağ və qış turizmi imkanları, dağ-xizək mərkəzləri haqqında geniş məlumat verilib.

“FITUR” xüsusilə ispandilli ölkələr üzrə ən böyük turizm tədbiri hesab olunur. Bu il sayca 43-cüsü keçirilən “FITUR” sərgisinə 130 ölkə qatılıb. Azərbaycan da son on ildə bu sərgidə ənənəvi olaraq təmsil olunur.

Sərgi çərçivəsində görüşlərdə ispandilli ölkələrin turizm şirkətləri Cənub Qafqaz regionu üzrə birgə turların təşkilində maraqlı olduqlarını bildiriblər.

Azərbaycanın milli stendi BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili tərəfindən də ziyarət olunub.

Sərgi zamanı Azərbaycanla İspaniya, Andorra və Bolqarıstanla turizm əlaqələri, o cümlədən qış turizmi sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq müzakirə edilib. DTA-nın sədri Fuad Nağıyev sözügedən ölkələrin turizm sahəsi üzrə rəhbər şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanın İspaniya və Andorradakı səfiri Ramiz Həsənov da iştirak edib.