Ömrünü maarif və mədəniyyətin inkişafına həsr edənlər xalqının gələcəyini düşünən insanlardır. Çünki onların bu missiyası həmin vaxt deyil, illər sonra bəhrəsini verir. Böyük bir elin, hətta bütün xalqın yolunu aydınladır. Muxtar Əfəndizadə də belə ziyalılarımızdan olub.

Muxtar İsmayıl oğlu Əfəndizadə (Muxtar Əfəndi) 1880-ci ilin yanvar ayında Ağdaş rayonunun Şəmsabad kəndində ziyalı ailədə dünyaya göz açır. Altı yaşında atası vəfat edir. Anası oğlunun təlim-tərbiyəsi ilə ciddi məşğul olur. O, mədrəsədə təhsil alır. Maarifçilik yolunu seçən Muxtar Əfəndizadə 1904-1905-ci illərdə Qubada “Üsuli-cədid” məktəbi açır. Bir il sonra maarifçilik fəaliyyətini Ağdaşda davam etdirməyə başlayır. Burada “Yaşlılar üçün kurs”, “Nəşri-maarif”, “Darülirfan” məktəbi, qiraətxana, teatr, “Səadət” qız məktəbi, “Rus-tatar məktəbi” layihələri üzərində çalışır və istəyinə nail olur.

Görkəmli maarifçinin təşəbbüsü və iştirakı ilə yaradılan qiraətxana isə böyük əks-səda doğurur. Özü bu barədə yazır: “Qiraətxana açmaq haqqında fikrimi Azərbaycan cəmiyyət iclaslarının birində üzvlərə danışdım. Fikrim çox razılıqla qarşılandı və açılmasına qərar verildi. Bir müddət sonra ərəbcə Misirdən, farsca İrandan, türkcə İstanbuldan, Krımdan, Bolqarıstandan, tatarca Orenburqdan, Kazandan və rusca Rusiyadan onlarca qəzet və məcmuələr aldıq. Bu da qiraətxananı zənginləşməsini təmin etdi”. O zaman “Baku” qəzetində belə bir informasiya dərc olunmuşdu: “1923-cü ildə kitabların sayına görə Ağdaş rayon qiraətxanası Bakıdan sonra ikinci yeri tutur”.

Eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olan M.Əfəndizadə Ağdaşda 1908-1909-cu illərdə maddi cəhətdən əziyyət çəkən uşaqlar üçün bir neçə bölgədə “Kimsəsiz uşaqlar evi” açmağa nail olur. Maarifpərvər ziyalı kimsəsiz uşaqları bu ocağa yığır və onlara atalıq qayğısı göstərir. Bu xeyirxah işə bir neçə imkanlı şəxsi də cəlb edir. Xeyriyyəçiliyi haqqında Hacı Zeynalabdin Tağıyev də xəbər tutur və onun fəaliyyətini alqışlayır. Hətta Muxtar Əfəndiyə 100 qızıl pul da göndərir...

Araşdırmalarda qeyd edilir ki, Muxtar Əfəndinin 1906-cı ildə açdığı “Darülirfan” oğlan məktəbi onun maarifçilik yolunda diqqətəlayiq xidmətlərindən hesab olunur. Dərslərin yalnız Azərbaycan dilində aparıldığı bu beşillik maarif ocağında dünyəvi elmlər də tədris olunub. Məktəbdə onunla bərabər, dövrün görkəmli maarifçiləri Şərif Əfəndiyev, Qori Müəllimlər Seminariyasının məzunu Səməd Muradov, Məhəmməd bəy Əfəndiyev və Əhməd Əfəndi də dərs deyib.

Onun Azərbaycan mədəniyyəti və maarifçiliyinin inkişafındakı əvəzsiz xidmətlərindən biri də 1907-ci ildə ucqar bir rayonda teatr yaratması olub. O, Ağdaşa tərcüməçi işləməyə gələn tanınmış bəstəkar Zülfüqar Hacıbəyovla görüşür və bu görüşün nəticəsi olaraq teatr yaratmağa qərar verirlər. Kollektiv 1908-ci ildə ilk olaraq Rəşid bəy Əfəndiyevin “Qan ocağı” pyesini nümayiş etdirir. Və bu tamaşada ilk dəfə olaraq iki qadın da səhnəyə çıxır. Bu xanımlar artist Almaxanım və görkəmli yazıçı Maqsud Şeyxzadənin anası Fatma Şeyxzadə idi...

Muxtar Əfəndi yenə də şəxsi təşəbbüsü ilə 1909-cu ildə “Səadət” qız məktəbinin  açılmasına müvəffəq olur. Bu, Ağdaşın həyatında çox böyük mədəni hadisə  kimi qəbul olunur. Məktəbə “Bakı qızlar məktəbi”ni bitirmiş Hədiyyə Məmmədova müdir təyin edilir. 1920-ci ilə qədər fəaliyyət göstərən təhsil ocağında qiraət, hesab, hesabi-zehni və s. fənlər tədris olunur.

Mədəni-maarif sahəsindəki fədakar xidmətləri olan Muxtar Əfəndi Azərbaycan Cümhuriyyəti Parlamentinə üzv də seçilib. 1919-cu ildən parlamentdə “Əhrar” (“Azadlıq”) partiyasının üzvü kimi fəaliyyət göstərib. 1920-ci ildə ölkəmizin Rusiya tərəfindən işğalı nəticəsində Cümhuriyyət süquta uğrayır. O da siyasətdən uzaqlaşır. Ancaq bolşeviklər onu rahat buraxmırlar. Maarif fədaisi həbs edilərək sürgünə göndərilir. Bir neçə il çəkən sürgündən sonra, 1930-cu ildə maarif nazirinin təklifi ilə Gürcüstana göndərilir. Tiflisin ali tədris müəssisələrində 1932-ci ilə qədər dil və ədəbiyyatdan dərs deyir. Eyni zamanda Tiflisdə nəşr olunan “Yeni kənd” qəzetinin redaktoru və “Dan ulduzu” məcmuəsinin korrektoru kimi fəaliyyət göstərir. Səhhətində yaranan problemlə əlaqədar Bakıya dönür. Maarif nazirinin əmri ilə Baş mətbuat müdirliyində və Tarix İnstitutunda tərcüməçilik işi ilə məşğul olur. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinə (BDU) dəvət olunan ziyalı uzun müddət Şərq dilləri fakültəsində dərs deyir. 1947-ci ildə professor İbadulla Qarayevin tapşırığı ilə “Ərəb dilinin açarı” adlı dərslik yazır. Ali məktəblər üçün yazılmış bu dərslik keçmiş SSRİ miqyasında diqqətəlayiq iş kimi qiymətləndirilir. O zaman dünya şöhrətli ərəb dili mütəxəssisi akademik İqnati Kraçkovski bu dərsliyə yüksək qiymət verir. Böyük maarifçi eyni zamanda orta məktəblərdə ərəb dilinin tədrisi ilə bağlı bir neçə dərslik də hazırlayır.

O, İsgəndər Münşinin “Tarixi-aləm-arayi-Abbasi”, Sədi Şirazinin “Gülüstan” (fars dilindən), İbn əl-Əsrin “Əl-Kamil fit-tarix” (ərəb dilindən) əsərlərini Azərbaycan dilinə tərcümə edir.

Böyük vətənpərvər, yorulmaz maarifçi Muxtar Əfəndi 19 oktyabr 1975-ci ildə dünyasını dəyişib.

Savalan Fərəcov