Regional mədəniyyət idarələrinin (RMİ) müəssisələrində “Heydər Əliyev İli” ilə bağlı tədbirlər davam edir.

Ağstafa RMİ. Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində “Böyük ömrün salnaməsi” adlı ümumrayon tədbiri keçirilib. Qonaqlar mərkəzin foyesində sərgilənən Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitablarla tanış olublar. Sonra Dövlət himni səsləndirilib, Ümummilli liderin və şəhid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev və digər çıxış edənlər Ulu öndərin mənalı ömür yolu və müasir tariximizin bütöv bir epoxasını özündə ehtiva edən genişmiqyaslı fəaliyyətindən söz açıblar.

Qazaxdakı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər irsinin təbliği məqsədilə bilik yarışı keçirilib. Rayonun orta ümumtəhsil məktəbləri arasında reallaşan yarışda 9 komanda 3 mərhələdə biliyini sınayıb. Qazax şəhər F.Şamoyev adına 4 nömrəli tam orta məktəbin komandası birinci olub. Qalib komandanın üzvlərinə diplom və hədiyyələr təqdim edilib.

***

Şəki RMİ. Balakən Rayon Mədəniyyət Mərkəzinin “Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində rolu” layihəsi çərçivəsində Katex kənd Folklor evində “Nəsillərə örnək şəxsiyyət” başlığı altında tədbir keçirilib. Çıxış edənlər Ümummilli liderin müasir dünya tarixində parlaq iz qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi olduğunu vurğulayıblar.

Oğuzdakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Ağcabədi RMİ. Regional idarənin tabeliyindəki Ağdam Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu öndərə həsr edilmiş sənədli film nümayiş etdirilib.

***

Masallı RMİ. Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinə “Heydər Əliyev İli” münasibətilə məktəblilərin ekskursiyası təşkil olunub. Şagirdlərə Ulu öndərin həyat yolu və dövlətçilik fəaliyyətlərini əks etdirən fotolar və sənədlər barədə məlumat verilib.

***

Sabirabad RMİ. Saatlı Rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evində “Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda tədbir təşkil edilib. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, dövlətçilik irsi barədə məlumat verilib. Çıxışlarda ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi və zəngin siyasi təcrübəsi sayəsində yüksəldiyi vurğulanıb.

***

Gəncə RMİ. Goranboy Rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Dahi şəxsiyyət” başlıqlı kitab sərgisi təşkil edib. Sərgidə Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən kitablar nümayiş olunub.

Rayon Mədəniyyət Mərkəzinin Tapqaraqoyunlu kənd Mədəniyyət evində keçirilən tədbirdə də Ulu öndərin həyat və fəaliyyətindən bəhs edilib. Vurğulanıb ki, Heydər Əliyevin adı Vətənə, xalqa xidmətin nümunəsi kimi daimi yaşayacaq, Azərbaycanın gələcək nəsillərə də örnək olacaq.

***

Ağdaş RMİ. “Heydər Əliyev İli” münasibətilə Ağdaş Rayon Mədəniyyət Mərkəzi tərəfindən “Böyük ömrün xatirələri” adlı layihə həyata keçirilir. Layihənin məqsədi Heydər Əliyevlə vaxtilə ünsiyyətdə olmuş insanların xatirələri işığında Ulu öndəri daha yaxından tanımaq və tanıtmaqdır. Layihə üzrə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova və görkəmli heykəltəraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, Ulu öndərin monumental abidəsinin müəllifi akademik Ömər Eldarovun xatirələri ictimaiyyətə təqdim olunub.

N.Məmmədli