Qədim sivilizasiya mərkəzi, beş min illik tarixi yaşadan İzmir 2020-ci ildə dünyanın ən böyük sərgisinə - EXPO-ya ev sahibliyi etmək istəyir
   
   Antik mədəniyyətin beşiyi, “İliada” və “Odisseya” poemalarının müəllifi Homerin vətəni, böyüklüyünə görə Türkiyənin üçüncü şəhəri, 5 min illik tarixə malik İzmir... Əvvəlki adı Smirna olan şəhər eramızdan əvvəl qədim (yunan, Roma) sivilizasiyanın məkanı kimi tanınıb, bu gün isə təkcə Türkiyənin deyil, regionun ən böyük turizm və ticarət mərkəzlərindən biridir. İzmir eyni zamanda İstanbuldan sonra ölkənin ikinci böyük dəniz limanıdır.
   
   Aralıq dənizi hövzəsində ən qədim şəhərlərdən olan İzmir zəngin tarixə malikdir. Eramızdan əvvəl 2-ci minillikdən orta əsrlərədək ayrı-ayrı dövlətlərin tərkibində fərqli mədəniyyətlərə məkan olan şəhər bu zənginliyi indi də qoruyub saxlayır, mədəniyyətlər dialoquna töhfə verir. Egey dənizi sahilində yerləşən, uzun körfəzlə əhatələnən İzmir ətrafında bir vaxtlar Efes, Perqam və onlarla başqa antik şəhər yerləşib. Buraya ayaq basan hər kəsi küçə, park və xiyabanlarından ətrafa yayılan yasəmən qoxusu ilə qarşılayan şəhər zəngin mədəniyyəti, turizm potensialı, sənayesi ilə dünyanın diqqətini özünə cəlb edir. Egey sahilinin incisi bu imkanlarını daha geniş şəkildə nümayiş etdirməklə 2020-ci ildə dünyanın ən böyük sərgisinə - EXPO-ya ev sahibliyi etmək iddiasındadır. İzmir artıq ikinci dəfədir ki, EXPO üçün namizədliyini irəli sürüb. “EXPO-2015”-lə bağlı yarışmada İtaliyanın Milan şəhəri ilə rəqabət aparan və son səsvermədə cəmi 21 səs fərqi ilə bu şansı qaçıran İzmir “EXPO-2020” üçün daha geniş hazırlıqlara başlayıb. Bu münasibətlə artıq indidən müxtəlif ölkələrdən İzmirə media nümayəndələri dəvət olunur, şəhərin bu tədbiri keçirməyə hazırlığını nümayiş etdirən təqdimatlar keçirilir. Bu günlərdə ölkəmizdən də iki media təmsilçisi («Azerbaijan review» jurnalının baş redaktoru Larisa Cavanşir və bu sətirlərin müəllifi) İzmirə dəvət olunmuşdu.
   Mayın 30-dan iyunun 3-dək davam edən səfərin məqsədi şəhərin mədəniyyət və turizm imkanları, “EXPO-2020”-yə hazırlıq prosesləri ilə tanış olmaq idi.
   
   Qalibiyyət şəhərin taleyini dəyişəcək
   
   Tarix boyu regionun böyük ticarət və mədəniyyət mərkəzi olan İzmirin bu günündən bəhs edərkən «Əski görkəmli günlərə geri dönmək» kimi deyim tez-tez işlədilir. Çünki dünyanın mədəniyyət, tarix, təhsil, turizm olimpiadası kimi anılan EXPO keçirildiyi şəhərləri dünya miqyasında marka halına gətirib inkişaf etdirən universal bir sərgidir. Maraqlıdır, şəhər bu dəfə EXPO üçün nə qədər şanslıdır?
   İzmir budəfəki yarışmada Tailandın Ayuttaya, Rusiyanın Yekaterinburq, Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Braziliyanın San-Paulo şəhərləri ilə rəqabət aparır. Bu rəqabətdə iştirakçıların şansını indidən təxmin etmək çətin olsa da, ümumi rəylər belədir ki, əgər İzmir qalib gəlsə, şəhərin taleyi dəyişəcək.
   
   EXPO-ya hazırlıq işləri
   
   Səfərimizin ilk günündə (30 may) şəhərin “EXPO-2020” təşkilat komitəsinin rəsmiləri ilə görüşlərimiz oldu. Şəhərin mədəniyyət və turizm idarəsinin rəisi Əbdüləziz Ediz hazırlıq işlərinin gedişi, İzmirin turizm imkanları, şəhərin mədəni irsi, dinlərarası ünsiyyət, tolerantlıq məkanı kimi özəllikləri barədə danışdı: “İzmir öz zəngin irsi ilə insanların gəzib görə bilmək üçün seçəcəkləri şəhərdir. Burada qədim tarix, mədəniyyət, coğrafiya, əsrarəngiz Egey mətbəxi var. İzmir qədim abidələr məkanı, üç səmavi dinə inanan insanların bir küçədə birlikdə yaşadıqları şəhərdir”.
   Şəhərdə beynəlxalq sərginin keçiriləcəyi binanın layihəsi də hazırlanmaqdadır. Tədbirə yüksək səviyyədə hökumət dəstəyi var. Hətta siyasi partiyalar da İzmirin “EXPO-2020”-yə namizədliyini dəstəkləyir.
   İzmir yetkililəri bu məsələdə Azərbaycandan da böyük dəstək gözlədiklərini dilə gətirdilər. Biz də öz növbəmizdə İzmirin EXPO-ya namizədliyinin təbliğatı üçün görülən işləri təmsil etdiyimiz mətbuat orqanlarında əks etdirəcəyimizi bildirdik.
   
   Türkiyənin EXPO əlaqələri
   
   Qeyd edək ki, ölkələr arasında ünsiyyət və sülhün yaradılmasına xidmət edən EXPO-nun əsr yarımlıq tarixi var. Bu sərgi ilk dəfə 1851-ci ildə Londonda keçirilib. Türkiyə bu sərgilərdə hələ Osmanlı dövründən təmsil olunur. 2010-cu ildə EXPO-ya Çinin Şanxay şəhəri ev sahibliyi edib. Bu il beynəlxalq sərgi Cənubi Koreyanın Yösu şəhərində keçirilir (may-avqust), 2015-ci ildə növbəti sərgi Milanda gerçəkləşəcək.
   EXPO nəhəng beynəlxalq tədbirlər məkanı olmaqla yanaşı, həm də ev sahibi şəhərlərə dünya miqyasında dəyər verir, milyonlarla insanın diqqətini özünə cəlb edir. Sərgini qəbul edən hər şəhər iştirakçılara hansısa bir memarlıq incisi, şəhərin inkişafını simvolizə edən özünəməxsus tikili və s. təqdim etmək istəyir.
   Məsələn, Parisdəki məşhur Eyfel qülləsi 1900-cü ildə burada keçirilmiş EXPO sərgisinin ən böyük yadigarıdır.
   Bu sərgiyə ev sahibliyi etmək həmçinin bazar dəyərlərini inkişaf etdirir, şəhərlərin tanıdılmasına xidmət edir. Bu baxımdan EXPO İzmir üçün çox vacibdir. Şəhər dünyanın ən böyük sərgisinə ev sahibliyi etməklə həm də ilk dəfə bu beynəlxalq tədbiri regiona gətirmək istəyir. Əvvəlki illərdə bu tədbirlər daha çox Avropada, Şimali Amerikada və Uzaq Şərq ölkələrində gerçəkləşib.
   
   “Yaxşı dünyaya yeni yollar/ Hər kəsə sağlamlıq”
   
   Tarix boyu İzmir yerləşdiyi ərazi baxımından Avropa və Asiya arasında ticarəti inkişaf etdirməklə yanaşı, həm də fərqli mədəniyyətlərin kəsişdiyi, qarşılıqlı şəkildə zənginləşdiyi şəhər olub. Bu gün də bu özəlliyini davam etdirən İzmirin “EXPO-2020” ilə bağlı şüarı da diqqətçəkicidir: “Yaxşı dünyaya yeni yollar/ Hər kəsə sağlamlıq”. Bu, indi bütün Yer kürəsi üçün aktual olan mövzudur. Məsələn, BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin 40 faizini səhiyyə təşkil edir. İzmirin mövzusu insanın dünyaya gəlməsi, balanslı bir həyat tərzi, sağlam ətraf mühit, sağlamlıq xidmətləri və daha sağlıqlı bir dünyada universal işbirliyi üçün 5 ana ünsürü əhatə edir. Mövzu həm də İzmirin keçmişi ilə də bağlıdır. Belə ki, İzmir hələ antik dövrdən başlayaraq önəmli bir sağlamlıq mərkəzi olub. Bu şəhərin geotermal qaynaqları və bulaqları sağlamlıq turizmi üçün önəmlidir. Təbabətin “ata”sı hesab edilən Hippokrat Egeydə, əczaçılığın banisi sayılan Galen isə Perqamdakı Askelpionda çalışıblar. 2000-ci illərdə kəşf edilən Perqama Allianol Antik Şəfa Mərkəzi tarixdə geometral müalicə işlərinin aparıldığı ilk mərkəzlərdən biridir. Homerin dastan-poemalarında haqqında danışılan qaynar bulaqlar, antik yazarların bəhs etdiyi Diana hamamları Ellin dövründə İzmir şəhərinin ətrafında yer alıb.
   Bir sözlə, qədim dövrdən bu günə qədər İzmir tibbin qəlbi olub. Askelpion ilk antik tibbi mərkəz də eradan əvvəl IV əsrdə burada tikilib. Öz ənənəsinə sadiq qalan İzmirdə hazırda inkişaf etmiş tibbi infrastruktur mövcuddur, gələcəkdə isə geniş səhiyyə investisiyaları nəzərdə tutulub. Bu mənada “EXPO-2020” İzmirə səhiyyə sahəsində öz tarixi missiyasını saxlamaq imkanı verəcək.
   Bu gün İzmir özünün şəhər ətrafındakı geotermal sahələri ilə sağlamlıq turizmi və səhiyyə sahəsində geniş potensiala malikdir. Bundan başqa, İzmir “EXPO-2020” sağlamlıq həyatının bütün aspektlərini innovativ texnologiyalar, xarici əməkdaşlıq və universal biliklərin paylaşılması daxil olmaqla, ideal platforma ilə təchiz edəcək. “EXPO-2020”-nin mövzusu ilə İzmir inkişaf etmiş ölkələrdə əsas sağlamlıq probleminin həllini axtarır. Bu həm də dünyanın inkişafdan geri qalan regionlarına çağırış məqsədi daşyır.
   
   Bakının qardaşına uğurlar diləyirik
   
   İzmir dünyanın bir çox şəhərləri ilə qardaşlaşıb. Onların arasında Bakı da var. Təbii ki, İzmir “EXPO-2020” hazırlığında qardaş şəhərlərin də xüsusi dəstəyinə ümid bəsləyir. Hələlik rəqibləri ilə müqayisədə bu şəhərin üstünlükləri daha çox görünür. Qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və iqlimi, istiqanlı insanları ilə sərgiyə ideal ev sahibi ola bilər. Şəhər coğrafi mövqeyi, ölkələr və mədəniyyətlərarası körpü xüsusiyyəti ilə də üstün mövqedədir. İzmir EXPO-nu qazanarsa, bu, Şərqi Aralıq dənizi bölgəsində keçiriləcək ilk dünya sərgisi olacaq. Bir sözlə, tədbirin bu coğrafiyada gerçəkləşməsi EXPO-ya dinamizm və güc qazandıracaq. Biz də öz növbəmizdə İzmirə “EXPO-2020” yolunda uğurlar diləyirik.
   
   Mehparə Sultanova
   Bakı-İzmir-Bakı