Yanvarın 25-də Bakıdakı Rus Evində (RİMM) müəllif musiqisinin əfsanəsi, teatr və kino aktyoru, bir çox nəsillərin kumiri Vladimir Vısotskinin (1938-1980) 85 illiyinə həsr olunmuş musiqili-poetik gecə keçirilib.
RİMM-dən bildiriblər ki, gecədə gənc istedadlı musiqiçilər Alina Litvinova və Cavad Babayev dahi müəllifin mahnılarını ifa ediblər. Vısotski yaradıcılığını sevənlər onun şeirlərini oxuyublar.
Vladimir Vısotski şair, müğənni, peşəkar aktyor olub. “Görüş yerini dəyişmək olmaz!” çoxseriyalı televiziya filmində (1979) oynadığı Qlev Jeqlov roluna görə yaradıcı heyətlə birlikdə SSRİ Dövlət mükafatına (1987) layiq görülüb. Vısotskinin yaradıcılığına 200-dən çox şeir, eləcə də 600-dən çox mahnı daxildir. Mahnılarının bir hissəsini o, kinofilmlər üçün yazıb.