Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1974-cü il 18 yanvar
Azərbaycana SSRİ-nin “Xalqlar Dostluğu” ordeninin təqdim edilməsi münasibətilə Azərbaycan KP MK-nın və Azərbaycan SSR Ali Sovetinin təntənəli yığıncağı keçirilib. Yığıncaqda nitq söyləyən Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev xalqımızın zəngin mədəni irsindən, respublikada mədəniyyətin inkişafından da bəhs edib.
1974-cü il 15 aprel
Heydər Əliyev Bakıda keçirilən VII Ümumittifaq kinofestivalının iştirakçılarını qəbul edib.
1974-cü il 14 may
Heydər Əliyev “Azərbaycan qadını” jurnalının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1974-cü il 31 may
Azərbaycanda peşəkar teatrın yaranmasının 100 illiyinə və Azərbaycan Dövlət Akademik Dram Teatrının “Lenin” ordeni ilə təltif edilməsinə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Heydər Əliyev yığıncaqda Azərbaycan teatrının keçdiyi yolu ətraflı təhlil edən, əldə olunan nailiyyətlərlə bərabər qüsurları da diqqətə çatdıran geniş məzmunlu nitq söyləyib. Heydər Əliyevin nitqindən:
“Yüz il bundan əvvəl ictimai və dini köləliyin zülmət səltənətində Azərbaycan dram sənətinin ilk qığılcımı parladı. Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” pyesinin tamaşası ilə Azərbaycan teatrının təməli qoyuldu.
Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq ideyalarının carçısına çevrildi...
Azərbaycan teatrının beşiyi başında dahi mütəfəkkir, Azərbaycan dramaturgiyasının atası Mirzə Fətəli Axundov dayanmışdı... Axundovun ölməz komediyaları ilk dəfə müəllifin öz tərcüməsi ilə Peterburqda və Tiflisdə rus səhnəsində tamaşaya qoyulmuşdu. Müəllifin ana dilində ilk tamaşa yalnız iyirmi il sonra, 1873-cü ilin martında Bakıda göstərildi. Əsəri maarifçi demokrat Həsən bəy Zərdabi öz şagirdlərindən Nəcəf bəy Vəzirovun və Əsgər Adıgözəlovun yaxından iştirakı ilə tamaşaya qoymuşdu.
...Azərbaycan teatrı lap əvvəldən realist teatr kimi təşəkkül tapmış, öz banilərinin arzuladıqları kimi, “həyat məktəbi”, “əxlaqı saflaşdırmaq vasitəsi” olmuşdu. N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, N.Nərimanovun “Nadanlıq” pyeslərinin qəhrəmanları öz qəlblərinin ən gözəl, ən nəcib hiss və duyğularını doğma yurda, başı bəlalar çəkmiş xalqa həsr etmişdilər... Belə ağır bir şəraitdə dramaturgiyanın qəhrəmanları öz müqəddəs arzularına çatmayaraq həlak olurdular. Lakin onlar həlak olduqda da tamaşaçıya yüksək ideallar aşılayır, xalqı mənəvi cəhətdən yüksəltmək kimi böyük bir işə xidmət etməyi ona öyrədirdilər.
...Keçən əsrin axırlarında Bakıda olduğu kimi, Naxçıvanda, Şuşada, Gəncədə, Şamaxıda, Şəkidə, habelə Tiflisdə, İrəvanda, Təbrizdə və Aşqabadda da Azərbaycan dilində tamaşalar qoyulurdu.
Hüseyn Ərəblinski, onun həmkarları və məsləkdaşları olan Sidqi Ruhulla, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mahmud Kazımovski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əbülfət Vəli və başqaları... fədakarcasına mübarizə şəraitində xalqı Azərbaycan və rus dramaturqlarının, dünya dramaturgiyası klassiklərinin ən yaxşı əsərləri ilə tanış edirdilər.
1908-ci ildə Bakıda ilk milli operanın – Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının tamaşası ilə musiqili teatr meydana gəldi... Sovet hakimiyyətinin ilk illərində Azərbaycan və rus truppaları olan “tənqid-təbliğ teatrı” yaradıldı... Sonralar bu teatrların əsasında Azərbaycan və rus truppaları – Bakıda Səməd Vurğun adına və Kirovabadda Cəfər Cabbarlı adına indiki teatrların sələfləri olan Bakı işçi teatrı yaradıldı...
Azərbaycan teatrının ən yaxşı tamaşaları, rejissorlardan İsmayıl Hidayətzadənin, Aleksandr Tuqanovun, Sergey Mayorovun, Rza Təhmasibin, Mehdi Məmmədovun, Məhərrəm Haşımovun, Tofiq Kazımovun, Ələsgər Şərifovun, Əliheydər Ələkbərovun, rəssamlardan Nüsrət Fətullayevin, İsmayıl Axundovun, Bədurə Əfqanlının adları, bəstəkarlardan Asəf Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin yaradıcılığı ilə bağlıdır.
Azərbaycan səhnəsinin görkəmli ustalarından Abbas Mirzə Şərifzadənin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Yeva Olenskayanın, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyyə Davudovanın, Fatma Qədrinin, Ələsgər Ələkbərovun, Mustafa Mərdanovun müxtəlif tamaşalarda yaratdıqları canlı və dərin obrazlar teatr salnaməsinə həmişəlik daxil olmuşlar. Diqqətəlayiq artistlərdən Hökümə Qurbanova, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Barat Şəkinskaya, Əli Zeynalov, Möhsün Sənani və başqaları Azərbaycan teatrının inkişafına böyük kömək göstərirlər.
İndi respublikamızda 14 dövlət teatrı və 41 xalq teatrı vardır. Azərbaycanın paytaxtında yeddi teatr fəaliyyət göstərir...
Teatr tamaşası həmişə bir bayramdır... Səhnənin bilavasitə tamaşa salonu ilə ünsiyyəti prosesinə əsaslanan, tamaşaçılarla birlikdə həyəcan keçirən teatr həyatın özü qədər əbədidir.
Təəssüflə qeyd etmək lazımdır ki, tamaşa salonları heç də həmişə adamla dolu olmursa, bunun səbəbini həm bəzi pyeslərin və tamaşaların keyfiyyətində, həm də əsərlərin səhnə təcəssümünün forma və üsullarının daha rəngarəng olmasına imkan verən müasir texniki vasitələrə mühafizəkar münasibətdə axtarmaq lazımdır. Onu da etiraf etmək lazımdır ki, teatr sənətinin təbliği işi bizdə zəif təşkil edilmişdir... Müasir dramaturgiyanın inkişafı, şübhəsiz, bilavasitə teatrın özündən, onun bədii və estetik səviyyəsindən asılıdır. Səthi müşahidələr əsasında tərtib edilmiş sxemlər üzrə soyuq ürəklə dərin məzmunlu səhnə əsərləri, müasirlərimizin şüuruna və qəlbinə təsir edə bilən əsərlər yaratmaq mümkün deyildir...”.
Hazırladı: V.Orxan