Yanvarın 31-də Xalq artisti, tanınmış müğənni Mübariz Tağıyev 75 yaşını qeyd edib. Yubileyi ərəfəsində AZƏRTAC-a müsahibəsində ömür və sənət yolundan söz açan sənətkar doğulub boya-başa çatdığı İrəvan şəhəri ilə bağlı xatirələrini də bölüşüb. Müsahibədən seçmələri təqdim edirik.

“Yaşa dolduqca, həmişə doğulduğun, ilk dəfə dünyanı dərk etməyə başladığın, ilk sevgini tapdığın yerlərə can atırsan... Aradan nə qədər illər keçsə də, yenə həmin yerlərə getmək, uşaqlıq xatirələrini təkrar yaşamaq istəyirsən. Təəssüf ki, bu, mənim üçün mümkün deyil...

Evimiz şəhərin düz ortasında yerləşən azərbaycanlılar məhəlləsində, hamının tanıdığı məşhur Gedərçay deyilən yerdə idi. İndiki kimi xatırlayıram, məhəlləmizdə iki müsəlman məscidi var idi. Tez-tez məhəlləmizin sakinləri dini mərasim və ayinləri icra etmək üçün ora yığışar, dərd-sərlərini bölüşərdilər. Uşaq vaxtı nənəmin məni tez-tez ora aparmağı yaddaşımda ən əziz xatirə kimi yaşayır. İndi nə o məscidlər qalıb, nə məhəlləmiz, nə də ki, orada bir azərbaycanlı. Mənə qalan yalnız o yerlərlə əlaqədar heç vaxt unudulmayan xatirələrdir...”.

“Məktəbimiz İrəvandakı stadionun yanında idi. “Neftçi” və “Ararat” komandaları oynayanda şəhərdəki azərbaycanlı uşaqlarla yığışıb azarkeşlik edərdik. Biz çox az idik və sevimli komandamızın qələbəsinə sevinəndə ermənilər bizə çox nifrətlə baxırdılar. Bir dəfə hətta dava da düşdü... Yadımdadır, hələ o dövrdə biz oxuyan məktəbi iki dəfə yandırdılar...”.

“Mən ziyalı ailəsində anadan olmuşam. Elə bu sənətə gəlməyimin də səbəbi yəqin ki, gendən irəli gəlir. Babam aşıq Muxtar 1900-cu illərdə İrəvanın məşhur aşıqlarından olub. Atam Hüseyn kişini isə Göycə mahalında adla çağırardılar – mahir kamança ustası idi. Anam uzun illər İrəvanda radioda redaktor vəzifəsində çalışıb. Orada Azərbaycan dilində 1 saatlıq efir vaxtı ayırmışdılar...

Orta məktəbi bitirdikdən sonra İrəvan Pedaqoji İnstitutuna daxil oldum. Üçüncü kursda oxuyanda Ermənistanda gənc istedadların musiqi müsabiqəsi keçirildi. Müsabiqənin sədri əslən Bakıdan olan, Ermənistan Dövlət Estrada Orkestrinın rəhbəri Konstantin Orbelyan idi. Açığını deyim ki, erməni dilini mükəmməl bilirdim, onların mahnılarını özlərindən yaxşı oxuyurdum. Müsabiqədə qalib gəldim. İndi münsiflər və təşkilatçılar bilmirdilər ki, azərbaycanlı gənci necə müsabiqənin qalibi elan etsinlər. Odur ki, müsabiqənin birinci mükafatını iki nəfərə – erməni qıza və mənə verdilər. Qəribəsi isə o idi ki, müsabiqəni geniş işıqlandıran “Sovet Ermənistanı” qəzeti birinci yerin qalibinin erməni müğənni olduğunu yazmışdı, mənim adımı da çəkməmişdi...”.

“1970-ci illərin əvvəlləri idi. Estrada orkestri ilə Abovyan şəhərində konsert proqramı ilə çıxışımız oldu. Hamımıza tanış olan Kərkük bayatılarını oxuyurdum. Birdən konsertin şirin yerində zalın ortasından bir erməni qalxıb qışqırdı: “Heç türkün yeridir bura? Bu mahnını niyə oxuyursan?”. Orkestrin rəhbəri başı ilə mənə fikir verməməyi işarə etdi. İfamı bitirib səhnəni tərk etdim. Amma ürəyimə artıq xal düşmüşdü. Öz-özümə dedim, demək bizimki bura qədərmiş... 1972-ci ildə əsgərliyə getdim, əvvəl Tiflisdə, sonra Həştərxan vilayətində xidmət keçdim. Xidmət müddətində də hərbi orkestrdə solist kimi çıxış edirdim. Kollektivimiz konsert proqramı ilə bütün keçmiş ittifaqın respublikalarında qastrol səfərlərində olmuşdu. Bir gün xəbər tutdum ki, qarnizon dəyib bir-birinə, general məni axtarır. Sən demə, hərbi hissəyə korifey sənətçimiz Rəşid Behbudovun imzası ilə məktub daxil olub və o məni Bakıya öz kollektivinə dəvət edir. Həmin dəvətdən sonra Bakıya gəldim və bir də İrəvana – mənə doğma olan o yerlərə qayıda bilmədim...”.

“Prezident İlham Əliyevin ötən ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü böyük qürur və sevinc hissi ilə izlədim. Prezident İlham Əliyevin dediyi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözlərini bir daha xatırladım. Deməli, məqam, zaman indi yetişib... O yerləri bir də görəcəyimə böyük ümidim var.

Uşaqlığım, gəncliyim İrəvanda qalıb. Bircə arzum var ki, uzun illər gördüyüm yuxular gerçəyə çevrilsin...”.