Elmi jurnalın ilk sayı çapdan çıxıb
 
  
   Azərbaycan Turizm İnstitutunun «Turizm və qonaqpərvərlik tədqiqatları» adlı elmi jurnalının birinci sayı çapdan çıxıb. Jurnalda turizm sahəsinə həsr edilmiş elmi məqalələr, bu sahədə aparılan elmi tədqiqatlar, turizm bazarında baş verən proseslər haqqında məlumatlar verilir. Eyni zamanda, qonşu ölkələrin, o cümlədən Türkiyə və Gürcüstanın turizm sektorundakı yeniliklər və onların elmi baxımdan izahı da nəşrdə yer alıb. Jurnalı maraqlı edən məqamlardan biri də burada Azərbaycan dili ilə yanaşı, ingilis, rus və türk dillərində məqalələrin dərc olunmasıdır.
   Jurnalın rüblük - ildə 4 dəfə nəşri nəzərdə tutulur. Bundan başqa, ölkəmizdə baş verən əlamətdar tarixi hadisələrlə bağlı xüsusi nömrələrin hazırlanması da planlaşdırılır.
   Qeyd edək ki, «Turizm və qonaqpərvərlik tədqiqatları» elmi jurnalının ilk sayı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunub.
   Dünya dövlətlərinin təcrübəsi göstərir ki, inkişaf bütün sahələrdə elm və təhsilin tərəqqisi ilə sıx surətdə bağlıdır. Bu baxımdan yeni təsis olunmuş «Turizm və qonaqpərvərlik tədqiqatları» elmi jurnalı turizm sahəsində elmi tədqiqatların genişlənməsində və yayılmasında mühüm rol oynayacaq. 
   
   Fəxriyyə Abdullayeva