Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

183 il əvvəl...

 

6 fevral 1840-cı ildə Yeni Zelandiya Böyük Britaniya imperiyasının nəzarəti altına keçib. Adanın yerli qəbilələrinin başçıları ilə Britaniya hökuməti arasında bağlanan sazişdə bunun könüllülük əsasında baş verdiyi qeyd olunurdu.

 

168 il əvvəl...

 

7 fevral 1855-ci ildə Rusiya ilə Yaponiya arasında ərazi mübahisələrini tənzimləyən ilk müqavilə imzalanıb. Kuril adaları iki ölkə arasında bölüşdürülüb. 1904-1905-ci illərdə Yaponiya ilə müharibədə məğlubiyyətdən sonra Rusiya hər iki ərazini itirdi. II Dünya müharibəsində Yaponiyanın məğlub olmasından sonra Kuril adaları yenidən Rusiyanın (o vaxt SSRİ-nin) tərkibinə keçdi.

 

118 il əvvəl...

 

 

6 fevral 1905-ci ildə Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək sürdü.

 

78 il əvvəl...

 

4 fevral 1945-ci ildə SSRİ (İosif Stalin), ABŞ (Franklin Ruzvelt) və Britaniya (Uinston Çörçill) liderlərinin Krım (Yalta) konfransı işə başlayıb. Fevralın 11-dək davam edən konfransda II Dünya müharibəsinin gələcək yekunları müzakirə edilib. Stalin Almaniyanın kapitulyasiyasından sonra ölkənin 4 zonaya (4-cü Fransanın zonası oldu) ayrılması, SSRİ-nin Yaponiyaya qarşı müharibəyə başlaması və Koreya yarımadasının 38-ci paralel üzrə bölünməsinə razılıq verib. Şimali Koreya SSRİ-nin, Cənubi Koreya ABŞ-nin nəzarətinə keçməli idi.

 

75 il əvvəl...

 

4 fevral 1948-ci ildə Britaniyanın müstəmləkəsi olan Seylon adası müstəqilliyini elan edib. 1972-ci ildən Şri-Lanka Respublikası adlanır.

 

69 il əvvəl...

 

4 fevral 1954-cü ildə Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib. İnşası 1945-ci ildə başlanan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.

 

61 il əvvəl...

 

5 fevral 1962-ci ildə Fransa keçmiş müstəmləkəsi Əlcəzairin müstəqilliyini tanıyıb. Bu, Əlcəzair xalqının müstəqillik uğrunda 6 il sürən müharibəsindən sonra mümkün olmuşdu. Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub.

 

38 il əvvəl...

 

4 fevral 1985-ci ildə BMT-nin işgəncələrin qadağan olunması haqqında konvensiyası qüvvəyə minib. 4 fevral dünyada “İşgəncələr əleyhinə gün” kimi qeyd olunur.

 

33 il əvvəl...

 

5 fevral 1990-cı ildə Sovet İttifaqında təkpartiyalılıq sisteminə son qoyulması barədə tarixi qərar qəbul edilib. SSRİ Konstitusiyasının 6-cı maddəsi (Kommunist Partiyasının rəhbər rolu barədə) ləğv olunub.

 

32 il əvvəl...

 

5 fevral 1991-ci ildə 12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilib. Bundan öncə, 1990-cı ilin 17 noyabrında üçrəngli bayraq Naxçıvan Ali Məclisində qəbul olunmuşdu.

 

31 il əvvəl...

 

7 fevral 1992-ci ildə Niderlandın Maastrixt şəhərində Avropa İqtisadi Birliyi ölkələrinin XİN başçılarının görüşündə “Avropa Birliyi haqqında” müqavilə imzalanıb. Bu müqavilə ilə iqtisadi əməkdaşlıq siyasi mahiyyət də qazanıb, Avropa Birliyi indiki şəklini alıb.

 

18 il əvvəl...

 

7 fevral 2005-ci ildə Prezident İlham Əliyev Azərbaycan milli valyutasının – manatın denominasiyası haqqında fərman imzalayıb. 2006-cı il yanvarın 1-dən dövriyyəyə yeni əsginaslar (1 yeni manat (AZN) – 5000 köhnə manat nisbətində) buraxıldı. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.

Hazırladı: V.Orxan