Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının direktoru, pianoçu, musiqişünas sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov fevral 1-də, ömrünün 80-ci ilində vəfat edib.
Tərlan Əşrəf oğlu Seyidov 1943-cü il yanvarın 19-da Bakı şəhərində anadan olub. 7 nömrəli Musiqi məktəbində (hazırda H.Sarabski adına), Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) nəzdində Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 1961–1966-cı illərdə isə konservatoriyada təhsilini davam etdirib.
BMA-da Fortepiano kafedrasının professoru, 1991-1993-cü illərdə bu ali təhsil ocağının tədris işləri üzrə prorektoru, daha sonra BMA-nın nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının direktoru olub. 100-dən artıq elmi əsərin – monoqrafiya, kitab, dərs vəsaiti və məqalənin müəllifidir.
Musiqişünas kimi bir sıra respublika və beynəlxalq əhəmiyyətli festival və müsabiqələrin (“Azərbaycan milli lad sistemi tədris repertuarında”, “Təhlil və ifa edir gənc musiqiçilər”, “Azərbaycan bəstəkarlarının əsərləri tədris repertuarında”, “Caz musiqisinin gənc ifaçıları”, “Uşaq musiqi festivalı”, “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” və s.) təşkilatçısı olub.
2007-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən sənətkar 2015-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan Tərlan Seyidovun xatirəsi qəlblərdə yaşayacaq.
Allah rəhmət eləsin.