«Eurovision-2012» mahnı müsabiqəsi zamanı Bakı Turizm İnformasiya Mərkəzinin Heydər Əliyev Beynəlxalq Hava Limanında, Bakı Dəmiryol Vağzalında, Bakı Beynəlxalq Avtovağzalında, Bakı Dəniz Vağzalının bərə terminalında fəaliyyət göstərən köşkləri vasitəsilə 3 538 nəfər əcnəbi turistə xidmət göstərilib.
   
   Bu barədə qəzetimizə məlumat verən mərkəzin direktor müavini Bəxtiyar Qılıncovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə müsabiqənin gerçəkləşdiyi 15-30 may tarixlərində yuxarıda adları çəkilən ünvanlarda 7 ədəd informasiya köşkü fəaliyyət göstərib. Bu köşklərə müraciət edən xarici turistlərə rus, ingilis və başqa əcnəbi dillərdə ölkəmiz haqqında geniş məlumat verilib, eyni zamanda reklam və digər informasiya xarakterli çap materialları, bələdçi kitabları, xəritələr, CD-lər təqdim edilib. Bu işlərin təşkilində Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşları və Azərbaycan Turizm İnstitutunun tələbələri fəal iştirak ediblər Yaxın günlərdə onların mükafatlandırılması nəzərdə tutulur.
   Bəxtiyar Qılıncov onu da bildirdi ki, «Eurovision»dan əvvəl və müsabiqənin davam etdiyi günlərdə təmsil etdiyi mərkəzin Azərbaycanın turizm potensialının təbliğ olunması və ölkəmizdə turizm sahəsində xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə həyata keçirdiyi daha bir layihə «Baku City Tour» (Bakı şəhər turu) olub. May ayının 15-dən 30-dək hər gün davam edən şəhər turu Bakının ən görməli yerlərini əhatə edib.
   Həmsöhbətimiz qeyd etdi ki, «Bakı şəhər turu» zamanı fəaliyyət göstərən avtobuslar vasitəsilə 2 371 nəfər əcnəbi turistə ekskursiya təşkil olunub. Turistlərə reklam informasiya xarakterli çap materialları, bələdçi kitabları, xəritələr, «Rus-Azərbaycan» və «İngilis-Azərbaycan» danışıq kitabçaları təqdim edilib.
   Qeyd edək ki, «Bakı şəhər turu» layihəsinin bir sıra xırda dəyişikliklər etməklə, bu ilin sonuna qədər pulsuz reallaşdırılması nəzərdə tutulur. Bunun üçün Nəqliyyat Nazirliyinin üç ədəd avtobusu müqavilə əsasında Bakı Turizm İnformasiya Mərkəzinin sərəncamına verilib.

  Fəxriyyə Abdullayeva