Vətən torpağının işğaldan azad olunması uğrunda canını fəda edən bəzi igid oğullar təkcə qəhrəmanlıq, rəşadət örnəyi göstərməyiblər. Onların arasında ədəbiyyata həmdəm olan, bədii yaradıcılıq nümunələri yadigar qoyanlar da var. Ötən ildən başladığımız “Qəhrəmanların özü və sözü” rubrikasında duyğularını misralara düzən şəhid və qazilərimiz haqqında məlumat veririk. Bu dəfə Aprel döyüşlərinin şəhid şairi Mikayıl Vahabzadə haqqında söz açırıq.

Mikayıl Yaqub oğlu Vahabzadə 1993-cü il iyunun 25-də İsmayıllı rayonunun Maçaxı kəndində dünyaya gəlib. 2011-ci ildə Yeniyol kənd məktəbini bitirərək Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinə qəbul olunub. 2015-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə başa vuran Mikayıl iyul ayında hərbi xidmətə yollanıb. Tərtər istiqamətində hərbi xidməti zamanı komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanıb.

2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı hərbi təxribat Azərbaycan Ordusunun sürətli və sarsıdıcı əks-həmləsi ilə cavablandırıldı. Həmin döyüşlər baş verən zaman Mikayıl Vahabzadə artıq təcrübəli əsgər idi və ön sıralarda Vətənin müdafiəsinə qalxmışdı. O, aprelin 2-də düşmənin Tərtər istiqamətində hücumunu dəf edən zaman qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Neytral zonada qalan nəşi yalnız altı gün sonra – aprelin 8-də həmin ərazidən götürülür. Qəhrəman şəhid aprelin 9-da doğulduğu Maçaxı kəndində torpağa tapşırılıb.

Mikayıl Vahabzadə döyüşdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Jurnalist Lətifə Əliyeva “Şəhidliyə aparan sevgi” adlı kitabını M.Vahabzadənin həyat və döyüş yoluna həsr edib. QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “İsmayıllı yazarları” ədəbi-ictimai birliyi tərəfindən “Qoşa ruhlar: şairlikdən şəhidlik zirvəsinə gedən yol” adlı sənədli film çəkilib. Filmdə I Qarabağ müharibəsinin şəhid şairi Aydın Arif oğlu Salmanov və M.Vahabzadənin həyat və döyüş yolundan bəhs olunur.

Şəhidin anası Rumiyyə Vahabova deyib: “Aprelin 2-si kənddə toya getmişdik. Gec gəldik. Televizoru açdıq ki, sanki dünya dağılır. O gündən Mikayıldan xəbər ala bilmədik. O gündən sonra düz aprelin 8-dək atası Tərtər, Yevlax, Gəncə... təmas xəttinə yaxın rayonların hamısında oğlumu axtardı, bir xəbər deyən olmadı. Mikayıl bizi elə hörmətə mindirmişdi ki... Diplom almışdı. Sevinirdik. Çox əziyyətlə oxumuşdu. Atasına zəhmət verməsin deyə özü dərsdən sonra işləyib pul qazanırdı. O, bizə heç əziyyət vermədi...”.

Rumiyyə xanım bildirib ki, Mikayıl həm də şair təbiətli idi. Şəxsi duyğularına da zaman ayırar, onları qələmə almağa çalışardı. İlk şeirini hələ məktəb illərində yazmışdı.

M.Vahabzadənin vaxtilə qələmə aldığı bir neçə şeir “İgidlərin sözü” kitabında oxuculara təqdim edilib.

 

Qərənfil

Şəhid qanı bulanıbdı üstünə,
Qan içində boğulmusan, qərənfil.
Səpilirsən şəhidlərin büstünə,
Bəxtiqara doğulmusan, qərənfil.

Şəhid qanı müqəddəsdir, qəm yemə,
Bununla fəxr etməlisən, qərənfil.
“Gərək düşməyəydim bu günə”, - demə,
Azadlıq rəmzisən gözəl, qərənfil.

Bəzi güllər dünyanın bəzəyidir,
Mənim üçün gözəl sənsən, qərənfil.
Sənin adın şəhidliyin özəyidir,
Bizim üçün müqəddəssən, qərənfil,
Azadlığın rəmzi sənsən, qərənfil.

Hazırladı: Lalə Azəri