Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1974-cü il 5 noyabr

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev elm və texnika sahəsində, ədəbiyyat, incəsənət və arxitektura sahəsində Azərbaycan SSR Dövlət mükafatlarının (iki ildən bir verilirdi) təqdimetmə mərasimində nitq söyləyib.

“...İnqilabdan əvvəl əhalisinin 90 faizindən çoxu savadsız olan bir diyar bu gün yüksək dərəcədə inkişaf etmiş elmi, qabaqcıl ədəbiyyat və incəsənəti olan respublikadır. Bu elm, ədəbiyyat və incəsənət milyonların malı olmuşdur. Müvəffəqiyyətlərimiz böyük və şəksizdir. Lakin görülmüş işləri layiqincə qiymətləndirməklə, elm, texnika, ədəbiyyat və incəsənət xadimlərinin böyük, səmərəli əməyi üçün minnətdarlığımızı bildirməklə yanaşı, diqqəti yerinə yetirilməmiş vəzifələr üzərində cəmləşdirmək lazımdır. İqtisadiyyat və mədəniyyətin daha intensiv inkişafını təmin etmək bizim borcumuzdur və cəmiyyətimizin mühüm məhsuldar qüvvəsi olan elm, habelə ədəbiyyat və incəsənət bu işdə çox böyük rol oynamalıdır.

Biz özlərinin yaradıcılığı ilə xalqı yeni əmək qələbələrinə ruhlandıran mədəniyyət xadimlərimizin xidmətlərini layiqincə qiymətləndiririk. Bununla birlikdə biz gözləyirik ki, ziyalılarımız onlardan ötrü yaradılmış imkanlardan yaradıcılıq əməyi üçün və ən əvvəl məhsulun keyfiyyətini yüksəltmək uğrunda, ictimai istehsalın səmərəsini maksimum artırmaq, elmi-texniki tərəqqinin nailiyyətlərini hər vasitə ilə tətbiq etmək uğrunda mübarizədə daha geniş və səmərəli istifadə etsinlər...”

Qeyd edək ki, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə, ədəbiyyat, incəsənət və arxitektura sahəsində müvafiq təqdimatlar nəzərdən keçirilərək, 1974-cü ildə Azərbaycan SSR Dövlət mükafatları aşağıdakı şəxslərə verilmişdi:

SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirov; baletmeyster Nailə Nəzirova, Əməkdar incəsənət xadimi, dirijor Nazim Rzayev, Azərbaycan SSR Xalq rəssamı Toğrul Nərimanbəyov; Əməkdar artistlər Vladimir Pletnyov və Çimnaz Babayeva –  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Nəsimi dastanı” xoreoqrafik poemasının tamaşası üçün;

Xalq artisti Nəsibə Zeynalova – Azərbaycan Musiqili Komediya Teatrının tamaşalarında yaratdığı obrazlar üçün;

SSRİ Xalq rəssamı Mikayıl Аbdullayev – “Çəltikçi qızlar” diptixi üçün;

Filologiya elmləri doktoru Məmməd Аrif (Dadaşzadə) – “Аzərbaycan ədəbiyyatı tarixi” kitabı üçün.

 

1975-ci il 25 mart

 

Heydər Əliyev Azərbaycan kinematoqrafçılarının III qurultayında iştirak edib.

 

1975-ci il 7 may

 

Faşizm üzərində Qələbənin 30-cu ildönümünə həsr edilmiş təntənəli yığıncaqda məruzə edən Heydər Əliyev Azərbaycanın qələbəyə tarixi töhfəsindən, o cümlədən ədəbiyyat  və incəsənət xadimlərinin vətənpərvərlik ruhlu fəaliyyətindən söz açıb.

 

1975-ci il 9 may

 

Heydər Əliyev Faşizm üzərində Qələbənin 30 illiyi ilə əlaqədar Bakı şəhərində (Nərimanov rayonu) xatirə abidəsinin açılışında çıxış edib.

***

Respublikanın tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilirdi.

 

1974-cü il 11 iyul

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə teatr sənətinin inkişafında böyük nailiyyətinə görə Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti İsmayıl Dağıstanlıya (Hacıyevə) “SSRİ Xalq artisti” fəxri adı verilib.

 

1974-cü il 14 avqust

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Azərbaycan SSR Əməkdar arxitektoru” fəxri adı təsis edilib və fəxri adlarla bağlı əsasnaməyə (1959-cu il 18 mayda təsdiq olunmuşdu) müvafiq bənd əlavə olunub. “Əməkdar arxitektor” (hazırda “Əməkdar memar”) fəxri adı arxitektura elmi və şəhərsalma sahəsində görkəmli yaradıcılıq fəaliyyətinə, Azərbaycan memarlığı abidələrinin bərpası və arxitektor kadrlarının hazırlanması sahəsində xidmətlərinə görə verilirdi.

 

1974-cü il 6 sentyabr

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə, Azərbaycan sovet ədəbiyyatının inkişafında xidmətlərinə görə Əli Vəliyevə “Xalq yazıçısı” fəxri adı verilib.

 

1975-ci il 14 aprel

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə arxitektura sahəsində, o cümlədən kadr hazırlığında xidmətlərinə görə bir qrup şəxsə “Əməkdar arxitektor” adı verilib: Tuğraxanım Bağırzadə, Səlim Vahidov, Şəfiqə Zeynalova, Elcaruko Kanukov, Yuri Kozlov, Kamal Məmmədbəyov, Sərdar Sərdarov, Tələt Xanlarov.

Respublikanın zəhmətkeşləri qarşısında müvəffəqiyyətli çıxışlarına görə SSRİ Xalq artisti, məşhur sirk artisti Karandaş (Mixail Nilolayeviç Rumyantsev) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

1975-ci il 28 aprel

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində müxtəlif sahələrdə uğurlu fəaliyyətinə, xidmətlərinə görə təltif edilmiş şəxslərə ordenlər, fəxri fərmanlar, fəxri adların nişan və vəsiqələri təqdim olunub. Təltif edilənlər arasında şair Nəbi Xəzri (“Qırmızı Əmək Bayrağı” ordeni), Akademik Opera və Balet Teatrının solisti Zeynəb Xanlarova (“Xalq artisti” fəxri adı) da vardı.

Hazırladı: V.Orxan

(davamı var)