Parisdə nəşr olunan «Le Petit Fute» jurnalında dərc olunmuş məqalədə Azərbaycanın turizm imkanlarından bəhs edilib.
   
   Məqalə Azərbaycanın «Eurovision-2012»yə ev sahibliyi etməsi, Bakı şousunun möhtəşəm və heç kimin gözləmədiyi yüksək təmtəraqla keçirilməsi ilə bağlı fikirlərlə başlayır. Müəllif Erve Kerros son illər Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsini ölkəmizin dünyada getdikcə artan nüfuzunun əyani sübutu kimi dəyərləndirib.
   Məqalədə Azərbaycanın turistlər üçün çox əlverişli bir ölkə olduğu diqqətə çatdırılıb. Müəllif Bakının qədimliyinin və Azərbaycanın zəngin mədəniyyətinin əyani təzahürü olan İçərişəhər və Şirvanşahlar sarayından söhbət açıb, yaşı bizim eradan əvvələ gedib çıxan möhtəşəm Qız qalasından bəhs edib, bu qədim tarixi abidəni həm paytaxtın, həm də ölkənin simvollarından biri kimi təqdim edib.
   Azərbaycan paytaxtındakı binaların tarixiliyi barədə məlumat verməyə çalışan E.Kerros XX əsrin əvvəllərində şəhərdə Avropa arxitekturası əsasında yeni binaların tikildiyini və bu işin sürətlə davam etdiyini, lakin ötən əsrin 20-ci ilində bolşeviklərin işğalı nəticəsində bu prosesə son qoyulduğunu diqqətə çatdırıb. Bakı milyonçularından H.Z.Tağıyevin, M.Nağıyevin, M.Muxtarovun fransız, italyan və polyak memarlıq nümunələrini bu şəhərə gətirərək maraqlı və yaraşıqlı binalar inşa etdirmələri yazıda yer alıb.
   Müəllif müstəqilliyini yenidən bərpa etdikdən sonra öz yeraltı və yerüstü sərvətlərinin sahibi olan Azərbaycanda böyük quruculuq işləri aparılması, Bakının tikinti meydançasını xatırlatması, müasir üslubda binaların inşa edilməsi, Heydər Əliyev Mərkəzinin planetin ən böyük memarlıq nümunələrindən biri olmasını xüsusi vurğulayıb. Eyni zamanda yazıda öz əksini tapan Azərbaycan xalqının qədim milli musiqisi sırasında muğamın xüsusi yeri, onun özünəməxsus çalarları, muğamın qorunub saxlanması məqsədilə inşa olunmuş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Müasir Azərbaycan İncəsənət Muzeyi barədə məlumat böyük maraq doğurur.
   Məqalədə həmçinin ötən əsrin 20-ci illərində kəşf edilmiş Qobustan qədim yaşayış məskənindən, dünyada mövcud olan 800 palçıq vulkanının 500-nün Azərbaycan ərazisində olmasından bəhs olunub, ölkəmizin müxtəlif mehmanxanaları və onların qiymət tarifləri, Parislə Bakı arasında birbaşa hava əlaqəsi, Azərbaycana turist səfərinə gələnlərə lazım olan sənədlər, zəngin mətbəximiz və onun ayrı-ayrı nümunələri barədə məlumat verilib, Quba, Şəki, Lahıc, Xınalıq və digər regionların turist marşrutları üçün əlverişli olduğu, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi və digər görməli yerlər barədə məlumatlar da əksini tapıb.
   Jurnalda məqalə ilə yanaşı, ölkəmizin turizm imkanlarından bəhs edən çoxlu sayda fotoşəkillər verilib.

  Fəxriyyə