Gənc ifaçılar Heydər Əliyev Sarayının səhnəsində

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-8 fevral tarixlərində IX “Gəncliyin səsi” festivalı keçirilir. Zəngin proqramı olan festivalın növbəti konserti Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Fevralın 4-də festival çərçivəsində Heydər Əliyev Sarayında gerçəkləşən konsert proqramında gənclər tərəfindən Ulu öndərin sevdiyi musiqi əsərləri də ifa olunub. Ümummilli lider Heydər Əliyevin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib.

Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Avanqard” Kamera Orkestri və “DanceAbility” Azərbaycan” inklüziv rəqs şirkətinin heyətləri, eləcə də “Aynabənd” rok qrupu və Nicat Aslanovun caz kvarteti çıxış ediblər.

Gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı (kamança) və başqaları rəngarəng çıxışlarla tamaşaçıların rəğbətini qazanıblar.

Gecədə Fərəc Qarayevin “Qobustan kölgələri” baletindən fraqment, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından Leyli və Məcnunun dueti (“Ah eylədiyim”), Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Arif Məlikovun “Sehrli xalat” filminə yazdığı musiqidən fraqment, Azər Dadaşovun “Yuxu” filminə bəstələdiyi musiqidən parça, Rauf Hacıyevin “Ordan-burdan” operettasından fraqment və digər əsərlər təqdim edilib.

Musiqi axşamı tamaşaçıların alqışları ilə qarşılanıb.

Nurəddin