Zamanın səhifələrində qalan olaylar, faktlar...
298 il əvvəl...
11 fevral 1725-ci ildə Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bundan üç gün əvvəl (8 fevral) ölən çar I Pyotr sələflərinə ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyi vəsiyyət etmişdi.
194 il əvvəl...
11 fevral 1829-cu ildə Rusiyanın Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov səfirliyə basqın edən bir qrup dindar tərəfindən qətlə yetirilib. Onlar guya Tehrandakı bir erməni xanımın fars ərindən qaçaraq səfirliyə sığındığı bəhanəsi ilə bu basqını törətmişdilər. Qriboyedovun qətli Rusiya ilə İran arasındakı Türkmənçay müqaviləsinin birinci ildönümünə təsadüf etmişdi. Hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərdi.
78 il əvvəl...
13 fevral 1945-ci ildə II Dünya müharibəsində ən böyük bombardmanlardan biri baş verib. ABŞ-Britaniya hərbi aviasiyasının Drezden şəhərini bombalaması nəticəsində 100 mindən çox adam ölüb, 30 mindən çox bina, o cümlədən yüzlərlə tarixi abidə dağıdılıb. Müharibənin taleyinin həll olunduğu bir vaxtda hərbi nöqteyi-nəzərdən strateji əhəmiyyət daşımayan şəhərdə belə bir əməliyyata ehtiyac yox idi. Britaniya bununla 1940-cı ildə almanların Londonu bombalamasının əvəzini çıxırdı.
67 il əvvəl...
14 fevral 1956-cı ildə Azərbaycan Televiziyası (Bakı Televiziya Studiyası) fəaliyyətə başlayıb. Studiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən isə 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçilib.
64 il əvvəl...
11 fevral 1959-cu ildə Türkiyə ilə Yunanıstan arasında Kipr adası ilə bağlı Sürix-London müqavilələri imzalanıb. Daha sonra Britaniyanın (Kiprin faktiki metropoliyası), habelə adanın yunan və türk icmalarının da imzaladığı sazişlərə əsasən, 1960-cı ildə Kiprdə iki icmanın birgə dövləti yarandı. Amma ideya az sonra iflasa uğradı və adada hərbi münaqişə başladı.
31 il əvvəl...
11 fevral 1992-ci ildə erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib. 28 il erməni işğalı altında qalan kəndlər İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçib.
13 fevral 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb. Təşkilata sədrlik edən Çexoslovakiya (1993-cü ildə Çexiya və Slovakiyaya bölündü) Prezidenti Administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu. Həmin ilin 24 martında ATƏT-in Minsk qrupu yarandı.
Hazırladı: V.Orxan