«Beaume Transasia-2012» ekspedisiyası beş ölkəni əhatə edəcək
   
   Bu günlərdə daha bir beynəlxalq avtoturizm ekspedisiyası Azərbaycandan keçəcək. Bu barədə qəzetimizə məlumat verən «Millennium Tourism&Congress DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, «Beaume Transasia-2012» avto ekspedisiyası Türkiyənin İstanbul şəhərindən start götürəcək və Gürcüstan, Azərbaycan, Rusiyanı əhatə etməklə, Çin Xalq Respublikasının Tyanjin vilayətində başa çatacaq.
   
   Layihə «Millennium Tourism&Congress DMC» və onunla tərəfdaş olan Malayziyanın «4x4 World Explorer Sdn Bhd» şirkətinin birgə əməkdaşlığı ilə reallaşdırılacaq. R.Quliyev bildirdi ki, bundan əvvəl adıçəkilən şirkətlə birlikdə həyata keçirdikləri «Kembara Bumi Suci» («Müqəddəs yerlərə səyahət») beynəlxalq mədəni piliqrim marşrutları layihəsi çərçivəsində baş tutan avto-moto yürüş uğurlu olduğuna görə, həmin şirkətlə işbirliyini davam etdirmək qərarına gəliblər: «Bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsi Malayziyada fəaliyyət göstərən «4x4 World Explorer Sdn Bhd» şirkəti ilə aramızda daha bir layihənin reallaşmasına şərait yaratdı. Yeni layihədə nəzərdə tutulan marşrutun ümumi uzunluğu 17 min km, müddəti 57 gündür. Marşrutun Azərbaycandakı müddəti 2 gecə, 3 gün olmaqla, iyulun 21-dən 23-dək davam edəcək».
   Həmsöhbətimizin sözlərinə görə, avtotur iştirakçıları ABŞ, Malayziya, Sinqapur, Yunanıstan, Norveç, Çin, Rusiya vətəndaşları olmaqla, 37 nəfərdən ibarətdir. Turda 10 ədəd 4x4 “Jeep” avtomobillərindən istifadə ediləcək: «Proqrama uyğun olaraq, qonaqlar Balakən-Şəki-Qəbələ-İsmayıllı-Şamaxı-Bakı istiqamətində hərəkət edəcəklər. Onlar marşrut üzərində yerləşən qədim tarixi və mədəni abidələr, əfsanəvi və dini məbədləri ziyarət edəcək, Azərbaycanın mədəniyyəti və turizm potensialı ilə yaxından tanış olacaqlar. Ekspedisiyanın Azərbaycan hissəsinin yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri hazırlıq işləri görülür. Tur iştirakçılarının Azərbaycanda olduqları günlərdə media təmsilçilərinin və turizm şirkətləri nümayəndələrinin iştirakı ilə mətbuat konfransının təşkili, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulur. Avtoturun həyata keçirilməsinə dəstək verməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik».
   R.Quliyev onu da qeyd etdi ki, layihənin həyata keçirilməsində əsas məqsəd ölkəmizdə turizm sektorunun inkişafı, Azərbaycanın turizm və mədəni-tarixi potensialı ilə yaxından tanışlıq və bu imkanları dünya miqyasında təbliğ etməkdir: «Avtotur əvvəldən axıradək Malayziya televiziyası tərəfindən işıqlandırılacaq. Əsas hədəfimiz Azərbaycanın belə beynəlxalq marşrutlarda önəmini daha da artırmaq və bu layihələrin ayrılmaz tərkib hissəsinə çevirməkdən ibarətdir. İnanırıq ki, bu layihə Azərbaycanın yeni turizm istiqaməti kimi tanıdılmasına və ölkəmizə turist axınının yaranmasına töhfə olacaq».
   Şirkət direktoru bildirdi ki, turun uğurla yekunlaşacağı təqdirdə bu səpgidə daha üç layihənin həyata keçirilməsi nəzərdə tutulur.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar