Azərbaycan

 

15 fevral 1909 – Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909 – 8.7.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

15 fevral 1914 – Xalq artisti, aktyor Muxtar Həsən oğlu Avşarov (1914 – 6.12.2004) anadan olub. Gəncə Dram, Akademik Milli Dram, Bakı Bələdiyyə teatrlarında çalışıb. “Dəli Kür”, “Qaçaq Nəbi”, “Kişi sözü” və s. filmlərdə çəkilib.

15 fevral 1922 – Əməkdar mədəniyyət işçisi Mirəziz Ziyad oğlu Rəfiyev (1922-2007) anadan olub. Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru işləyib.

15 fevral 1923 – Sənətşünaslıq namizədi, professor Xanlar Həmid oğlu Məlikov (1923-1999) anadan olub.

15 fevral 1924 – Ədəbiyyatşünas, professor Fəridə Şamil qızı Vəzirova (1924-1986) anadan olub.

15 fevral 1933 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 – 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Milli Dram Teatrında çalışıb. Filmlərdə (“Onu bağışlamaq olarmı?”, “Qırmızı qar”), televiziya tamaşalarında çəkilib.

15 fevral 1934 – Əməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov (1934 – 26.9.2021) Bakıda anadan olub. Müxtəlif janrlarda əsərlər, filmlərə, tamaşalara musiqi yazıb, mahnıların müəllifidir. Ömrünün son illərini Kanadada yaşayıb, orada vəfat edib.

15 fevral 1937 – Azərbaycan Bəstəkarlar İttifaqında növbəti hesabat-seçki toplantısı keçirilib. Üzeyir Hacıbəyli təşkilata sədr seçilib. Böyük bəstəkar ömrünün sonunadək (1948) ittifaqa rəhbərlik edib.

15 fevral 1973 – Əməkdar artist Tünzalə Məcid qızı Əliyeva (1973 – 22.1.2023) Gəncədə anadan olub. Gəncə, İrəvan teatrlarında çalışıb, filmlərdə, teleseriallarda çəkilib.

15 fevral 2005 – Xalq artisti, teatr və kino aktrisası Xuraman Abdulla qızı Hacıyeva (7.3.1945 – 2005) vəfat edib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.

15 fevral 2008 – Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” sərəncam imzalayıb.

 

16 fevral 1913 (yeni təqvimlə 1 mart) – Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913 – 19.12.1990) Göyçayda anadan olub. “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” pyeslərinin, nəsr əsərlərinin müəllifidir. “Fətəli xan”, “Leyli və Məcnun “, “Babək” filmlərinin ssenarisini yazıb.

16 fevral 1916 – Tanınmış sənətşünas, akademik Əbdülvahab Rəhim oğlu Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqat əsərlərinin, “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri” və s. kitabların müəllifidir.

16 fevral 1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 – 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindəndir.

16 fevral 1925 – Görkəmli memar Zivər bəy Əhmədbəyov (1873-1925) vəfat edib. Təzəpir məscidinin layihə müəllifidir. Cümhuriyyət dövründə Bakının baş memarı olub.

16 fevral 1945 – Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 – 1945) vəfat edib.

16 fevral 2012 – Prezident İlham Əliyev böyük şair və dramaturq Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

17 fevral 1895 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1895 – 1.10.1965) Bakının Masazır kəndində doğulub. Nizami, Xaqani, Füzuli, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

17 fevral 1919 – Ədəbiyyatşünas, mətnşünas, klassik poeziyanın bilicisi Əli Fəhmi (1919 – 13.3.1975) Bakının Sabunçu qəsəbəsində anadan olub.

17 fevral 1920 – Dilçi-filoloq, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.

17 fevral 1926 – Xalq artisti Sofya Həsən qızı Hüseynova (1926 – 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb.

17 fevral 1945 – Əməkdar artist Vəli Allahverdi oğlu Babayev (1945-1989) Naxçıvanda anadan olub. Naxçıvan Musiqili Dram Teatrının baş rejissoru işləyib.

17 fevral 1958 – Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Krım türküdür. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. “Kəndlilər”, “Səbuhi”, “Bəxtiyar” və s. filmlərdə çəkilib.

17 fevral 2014 – Prezident İlham Əliyev Xalq artisti, tanınmış dirijor Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

15 fevral 1564 – İtalyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei; 1564 – 8.1.1642) anadan olub.

15 fevral 1906 – Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 – 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində əsir götürülüb, Berlində Moabit həbsxanasında öldürülüb. Əsirlikdə yazdığı “Moabit gündəliyi” şeirlər toplusu ölümündən sonra nəşr olunub.

15 fevral 1914 – Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.

 

16 fevral 1845 – Amerika yazıçısı Corc Kennan (George Kennan; 1845-1924) anadan olub.

16 fevral 1926 – Britaniya kinorejissoru, “Oskar” (“Gecəyarısı kovboy”, 1970) mükafatçısı Con Şlezinger (John Richard Schlesinger; 1926-2003) anadan olub.

 

17 fevral 1600 – İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno; 1548-1600) inkvizisiyanın (Katolik kilsəsinin məhkəməsi) qərarı ilə edam edilib.

17 fevral 1906 – Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, film ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.

Hazırladı: V.Orxan