Yusif Eyvazov “Arena di Verona” opera festivalında

 

Rusiyada yaşayan tanınmış vokalçı soydaşımız, Azərbaycanın Xalq artisti Yusif Eyvazov İtaliyada “Arena di Verona” opera festivalında iştirak edəcək.

Bu barədə məlumatı müğənni sosial şəbəkədəki səhifəsində yazıb: “Əziz dostlar, fəxrlə əfsanəvi “Arena di Verona”nın 100 illik yubiley festivalında iştirak etdiyimi elan edirəm. Çoxlarınız bilirsiniz ki, opera ifaçısı kimi formalaşmağım və ilk addımlarım məhz İtaliyada olub. Ona görə də yubiley festivalında iştirak mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu həm də mənim kiçik yubileyimdir – düz 10 il əvvəl Veronada debüt etmişdim”. 

Bildirək ki, iyunun 16-dan avqustun 31-dək keçiriləcək festivalda Yusif Eyvazov italyan bəstəkarı C.Verdinin “Aida” operasının yeni quruluşda tamaşasında və “Riqoletta”nın yeni quruluşunda hersoq Mantuan partiyasını ifa edəcək.

 

Şalyapin festivalının azərbaycanlı artistləri

 

Bu günlərdə isə Azərbaycanın incəsənət ustaları Kazan şəhərində (Tatarıstan Respublikası, Rusiya) keçirilən Şalyapin Beynəlxalq Opera Festivalına qatılıblar.

30 yanvar – 28 fevral tarixlərini əhatə edən festival məşhur rus opera müğənnisi Fyodor Şalyapinin xatirəsinə 1982-ci ildə təsis olunub. Əvvəlcə yerli, 1985-ci ildən Ümumrusiya miqyasında keçirilən festival 1991-ci ildə beynəlxalq status alıb.

Builki festivalın proqramı çərçivəsində fevralın 8-də Azərbaycanın Əməkdar artisti Azər Zadə italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay” operasında  Pinkerton partiyasını ifa edib. 

Fevralın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev festivalda C.Verdinin “Nabukko” operasının tamaşasını idarə edib.

27-28 fevralda festivalın qala-konsertində isə Rusiya Böyük Teatrının solistləri, Azərbaycanın Xalq artistləri Elçin Əzizov və Dinara Əliyeva, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Əli Əsgərov çıxış edəcəklər.

Lalə Azəri