“Qəhrəmanların özü və sözü” rubrikasında qəlbində Vətən sevdasını poetik çalara büküb misralara düzən igid oğullarımızı tanıtmağa davam edirik. Bu dəfə 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Xəyyam Hüseynovu yada salırıq.

Xəyyam Hüseyn oğlu Hüseynov 1996-cı il iyulun 11-də Göyçay şəhərində anadan olub. Orta məktəbi əla qiymətlərlə oxuyub. Təhsilini başa vurduqdan sonra pedaqoji istiqamət üzrə ali məktəbə qəbul olunsa da, özünü bu sahədə görmədiyindən qərarını dəyişir.

Hərbi xidmətə yollanan Xəyyam “N” saylı hərbi hissədə düşmənlə üzbəüz, çətin şəraitdə əsgəri borcunu ödəyir. Komandirlərin tapşırıqlarını vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirir. Nümunəvi xidmətinə görə müxtəlif təltiflərə də layiq görülür. Beləcə, əsgərliyini uğurla, alın açıqlığı ilə başa vurur. Ancaq onun ən dəyərli mükafatı hələ qarşıda idi...

İncəsənətə böyük maraq göstərən, hətta rejissor olmaq istəyən Xəyyam evlərinə qayıdandan bir müddət sonra mənfur düşmən ənənəvi qara niyyətini yenidən ortaya qoyur. 2020-ci ilin iyulunda cəbhənin Tovuz rayonu istiqamətində düşmən genişmiqyaslı təxribat törədir. Azərbaycan Ordusu ilk dəfə ali rütbəli zabitini – general-mayor Polad Həşimovu itirir. Polad paşanın şəhadəti minlərlə gəncin yağıya qarşı intiqam hissini alovlandırır...

Xəyyam Hüseynov da bütün sənət, yaradıcılıq arzularından vaz keçərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinə gedərək adını könüllülər siyahısına yazdırır. Nəhayət, əsir yurdlarımızın xilas günü yetişir və o da arzusuna çatır. Ordumuz sentyabrın 27-də sarsıdıcı əks-hücum əməliyyatı başladanda Xəyyam Hüseynov artıq ön sıralarda yerini almışdı. Hətta o, döyüşdən öncəki qısamüddətlik hərbi təlim zamanı atası ilə son telefon danışığında sanki şəhidlik zirvəsinə ucalacağı ürəyinə dammışdı. Ona görə də atasından halallıq istəyib və iki arzusunun yerinə yetirilməsini diləyib. Bunlardan birincisi, bacısının övladına öz adının verilməsi, ikincisi isə, şeirlərinin kitab şəklində çap edilməsi idi...

Xəyyam Hüseynovun yer aldığı qrup Ağdərə istiqamətində gərgin döyüşlərə başlayır. Xəyyam ilk döyüş tapşırığını uğurla yerinə yetirir. İrəli getmək üçün komandanlıqdan ikinci tapşırıq alınır. Onlar döyüşə atılırlar və düşmən gülləsinə tuş gələn Xəyyam Vətən müharibəsinin ilk günündəcə şəhadətə yüksəlir. Onun döyüşə yollanan vaxt çəkilən bir videosu var. Bu video onun və digər gənclərimizin Vətən torpağının xilası uğrunda ölümə sevinə-sevinə getdiklərini göstərir. O zaman Xəyyamın son sözü “Hər şey Vətən üçün!” olmuşdu. 

Doğulduğu Göyçay şəhərində torpağa tapşırılan Xəyyam Hüseynov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəyyam Hüseynovdan cəsurluq nişanəsi ilə yanaşı, vətənsevərlik ruhlu şeirlər də yadigar qalıb. Onun “Qoy mən ölüm bu torpaq üçün” şeiri “İgidlərin sözü” almanaxında yer alıb. Həmin şeiri təqdim edirik:

Qoy mən ölüm bu torpaq üçün
Siz hələ bir az da səbir edin, dözün.
Anam mənsiz qalsın, bacım qardaşsız,
Sonra da deyin ki, “Vətən sağ olsun!”.

Əgər yumuruqsa, qanı-qan ilə,
Arxamca rəhmət də diləməyin heç.
Mən ki öz borcumu özüm vermişəm,
Ağlayıb göz yaşı tökməyin də heç.

Adıma şeirlər, nəğmə yazmayın,
Ruhumu ovutmaz beş-altı kəlmə.
Qırın zəncirləri, keçin sərhədi,
Ən böyük rəhmətim bu olar, məncə.

Hazırladı: L.Azəri