Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri tarix elmləri doktoru Nərgiz Əliyevanın “Omonimlər lüğəti”ndə Qafqaz və Azərbaycan” adlı kitabı nəşr olunub.
Muzeydən bildirilib ki, kitab Orta əsrlər ərəb coğrafiyaşünası Yaqut əl-Həməvinin “Formasına görə müştərək, yerinə görə fərqlənən adlar kitabı” (“Kitab əl-müştərik vad`an va-l-muftariq suk`an”) əsasında hazırlanıb. Nəşrin elmi redaktoru muzeyin baş direktoru akademik Nailə Vəlixanlıdır.
Kitabda Orta əsrlər Azərbaycanında və Qafqazda müxtəlif ərazilərdə verilən eyniadlı toponimlərin fərqli cəhətləri göstərilib və dəqiqləşdirilib. Həmçinin nəşrdə görkəmli şəxsiyyətlərin eyniadlı yerlərdən hansına mənsub olmasına aid məlumatlar təqdim edilib.
Qeyd edək ki, tarix elmləri doktoru Nərgiz Əliyevanın “Azərbaycanda islam mədəniyyəti – VII- XII əsrlər” bu günlərdə Qətərin paytaxtı Dohada Dünya Müsəlman Üləmaları Liqasının baş katibi professor Əli Muhyiddin əl-Qaradağiyə təqdim olunub. Kitabı ona Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev təqdim edib. Baş katib kitabı məmnunluqla qəbul edib. Nəşrin Azərbaycan-ərəb elmi-mədəni əlaqələrinə töhfə olduğu bildirilib.