Xalq artisti Rafael Bayramov: “Dirijorluq üzrə müəllimim olmayıb, öz həvəsimlə öyrənmişəm”

 

XX əsrin əvvəllərindən dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən professional musiqimizin əsasının qoyulması ilə dirijorluq sənəti də formalaşmağa başlayıb.  Görkəmli musiqiçilər Müslüm Maqomayev və Niyazi tərəfindən məktəb səviyyəsinə yüksələn Azərbaycan dirijorluğu sonralar yeni sənətkar nəsillərinin yetişməsinə zəmin yaradıb.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası Kamera orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Rafael Bayramov da bu məktəbin davamçılarındandır. Bu günlərdə sənətkar 70 illik yubileyini qeyd etdi.

Rafael Əli oğlu Bayramov 1953-cü il fevralın 1-də Gəncə şəhərində anadan olub. İlk təhsilini Gəncə şəhər 1 saylı musiqi məktəbində (hazırda F.Əmirovun adını daşıyır) alıb. 1972-ci ildə Qənbər Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Məktəbini skripka sinfi üzrə bitirib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) skripka üzrə təhsil alıb. Bir müddət Gəncə şəhər 1 saylı Musiqi məktəbində skripka müəllimi işləyib. Əməyi yüksək qiymətləndirilən musiqiçi 2017-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

Hazırda Gəncə Dövlət Filarmoniyasında fəaliyyətini davam etdirir. 70 illik yubileyi münasibətilə Rafael Bayramovla əlaqə saxlayıb sənət yoluna qısa nəzər saldıq. İlk olaraq musiqi sahəsini seçməsinin səbəbini xəbər aldıq:

– İncəsənət sahəsinə gəlişimdə atamın böyük rolu olub. Atam çox savadlı və ziyalı adam idi. Bizim özümüzə məxsus kiçik bir kitabxanamız vardı. Fondu çox zəngin idi. Mən kiçik yaşlarımdan kitab oxumağı sevirdim. Demək olar ki, bu kitabların əksəriyyətini oxumuşdum. Atam məni parlaq gənc kimi görmək istəyirdi. İlk olaraq humanitar elmlərə həvəsim olub. Ancaq daha sonra musiqi sahəsinə üz tutdum.

 

– Gəncə filarmoniyasına gəlişiniz necə oldu?

– 1985-ci ildə Gəncə Kamera Orkestrinə dəvət almışam. O vaxt orkestrin rəhbəri İsmayıl Vəliyev idi. İki il sonra orkestr “Dövlət” statusu aldı. Ondan sonra orkestrdə konsertmeyster kimi fəaliyyət göstərdim. Məlum olduğu kimi, 1949-cu ildə Gəncə Dövlət Filarmoniyası fəaliyyətini dayandırmışdı. Filarmoniya 1990-cı ildə yenidən işini bərpa etdi. Bundan sonra Gəncə Dövlət Kamera Orkestri filarmoniyanın nəzdində fəaliyyət göstərməyə başladı. 1994-cü ildə orkestrin dirijoru, 1997-ci ildə direktoru, 2000-ci ilin əvvəllərində isə bədii rəhbəri vəzifəsinə təyin olunmuşam. Onu da deyim ki, 1990-cı illərdə orkestrdə solistlərin sayı az idi. Hazırda kollektivin 30 nəfərə yaxın üzvü var.

 

– Dirijorluq sahəsində kimi özünüzə örnək hesab etmisiniz?

– Bu sahədə həmişə görkəmli dirijorlarımız Niyazi və Rauf Abdullayevi özümə ustad saymışam. Onların televiziyada çıxışlarını böyük intizarla gözləyir, həvəslə izləyirdim. Bu həvəs sonradan dirijorluğa üz tutmağıma vəsilə oldu.

 

– Bəs bu sənətin sirlərini kimdən öyrənmisiniz?

– Dirijorluq üzrə müəllimim olmayıb, öz həvəsimlə öyrənmişəm, üzərimdə mütəmadi çalışmışam.

 

– Hansısa xarici ölkədə qastrol səfərində olmusunuzmu?

– 2011-ci ildə orkestr olaraq ikihəftəliyə Norveçə qastrol səfərinə getmişik. Həmin səfər zamanı ölkənin yeddi şəhərində yaddaqalan konsert proqramları ilə çıxış etdik. Bundan başqa, 2017-ci ildə Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin 25 illiyi münasibətilə Tbilisi şəhərində maraqlı konsert proqramımız oldu. Həmçinin Bakıda, Şəkidə və ölkəmizin digər bölgələrində də qastrol səfərlərində olmuşam.

 

– Yubileyinizi necə qeyd etdiniz?

– Yubileyimi orkestrin kollektivi ilə qeyd elədim. Bizdə bu artıq ənənə halını alıb. Kollektivdən başqa, təbii ki, ad günümü ailəmlə, yaxın qohumlarımla birlikdə keçirdim.

 

– Son dəfə dirijorluq etsəydiniz, hansı bəstəkarın əsəri olmasını istəyərdiniz?

– Açığı, bu sualınıza cavab verməyə çətinlik çəkirəm. Çünki görkəmli bəstəkarlarımızın çox sayda bir-birindən dəyərli əsərləri var. Ancaq son dəfə dirijorluq etsəydim, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”ı və Aqşin Əlizadənin “Cəngi” əsərini istəyərdim.

 

– Rafael müəllim, qəzetimizin kollektivi adından yubileyinizi təbrik edir, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

– Mən də diqqətinizə görə “Mədəniyyət” qəzetinə minnətdaram.

Nurəddin Məmmədli