Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov respublikamızın şimal bölgəsində fəaliyyət göstərən turizm xidməti və turizm nümayişi obyektlərinə baxış keçirilməsi, ərazinin turizm potensialının öyrənilməsi məqsədilə bölgənin rayonlarına səfərlər edib.
   
   Bölgəyə may-iyun aylarında baş tutan səfər çərçivəsində nazir müavini Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət mərkəzləri, mədəniyyət obyektləri, mədəniyyət və təbiət qoruqları, mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri, turizm nümayiş obyektləri və turizm informasiya mərkəzlərində olub, obyektlərin rəhbərləri ilə görüş keçirib. Görüşdə turistlərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması və bu sahədə mövcud olan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb, yerli mütəxəssislərin təklifləri dinlənilib.
   Şimal bölgəsi üzrə rayonların icra hakimiyyəti başçıları ilə də görüş keçirilib, rayon üzrə səfərin nəticəsinə uyğun olaraq onlarla müzakirələr aparılıb. Rayon rəhbərləri turizm və rekreasiya zonalarının yaradılması işinin təşkilində, Qusar və Xızı rayonlarında turizm informasiya mərkəzinin yaradılmasında, turizm nümayiş obyektlərinə gedən yerli əhəmiyyətli yolların bərpasında və aidiyyəti məsələlərin həllində köməklik göstərəcəklərini bildiriblər.
   Nazir müavini Nazim Səmədovun şimal-qərb bölgəsində (Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı) fəaliyyət göstərən turizm xidməti və turizm nümayişi obyektlərinə baxış keçirilməsi və ərazinin turizm potensialının öyrənilməsi məqsədilə səfərləri davam edir. Səfər zamanı lisenziya əsasında fəaliyyət göstərən yerləşdirmə obyektləri və mədəniyyət obyektlərinin rəhbərləri, eyni zamanda, rayon icra hakimiyyəti başçıları ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.