Sankt-Peterburq Mariinski Teatrının ulduzları Bakıya gələcək

 

Martın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq.

Teatr hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bu tamaşanı bayram hədiyyəsi kimi təqdim edir.

“Qu gölü”nün builki tamaşası əvvəlkilərə bənzəməyəcək. Bu dəfə Opera və Balet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski Teatrının ulduzlarını Bakıya dəvət edib.

Həmin gün tamaşada prima balerina Nadejda Batoyeva (Odetta-Odilliya) və Filip Styopin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.

Mariinski Teatrının ulduzları ilə yanaşı, yerli balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Samir Səmədov, Makar Ferştandt, Anar Mikayılov, Elmira Süleymanova, həmçinin Ayan Eyvazova, Timur Oduşev, Seymur Hadıyev, Samirə Məmmədova, Kamran Qurbanov və başqaları da səhnədə olacaqlar.

Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Lalə