Telekanalların ortaq yayımında 115 milyard lirə yardım toplanıb

 

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım üçün ölkənin aparıcı telekanallarının ortaq yayımla təşkil etdiyi ianə kampaniyasında rekord miqdarda – 115 milyard lirədən çox vəsait toplanıb.

Fevralın 15-də Türkiyənin səkkiz televiziya kanalının (ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1, TV8) “Türkiyə tək ürək” adlı ortaq yayımı yerli vaxtla saat 20:00-da başlayıb və 8 saata yaxın davam edib. “Türkiyə – tək ürək” Türkiyənin digər bir çox kanallarında, həmçinin Azərbaycan və Şimali Kipr telekanallarında canlı yayımlanıb.

“Türkiyə – tək ürək” kampaniyasının yayımlandığı studiyaya ianə ilə bağlı edilən telefon zənglərini operator qismində ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları qeydə alıblar. Səkkiz saat müddətində onlarla məşhur studiyada bir-birilərini əvəzləyərək kampaniyaya dəstək olublar.

Canlı yayımda açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib. Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa, Kilis və Elazığ vilayətlərində zəlzələdən zərərçəkənlər üçün Türkiyənin tək ürək olduğu yardım kampaniyasına ölkənin tanınmış iş adamları, dövlət rəsmiləri və milyonlarla vətəndaş qoşulub.

Ən böyük ianəni Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (30 milyard lirə), Ziraat Bankı (20 milyard lirə), Vakıfbank (12 milyard lirə) və Halkbank (7 milyard lirə) edib. Onlarla şirkət tərəfindən 5, 10, 50, 100 və 200 milyon lirə ianələr edilib. Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti – SOCAR-Türkiyə də 3,5 milyon lirə ianə edib. Bundan əlavə, şirkətin yanacaqdoldurma məntəqələrində zəlzələ zonasında çalışan texnika üçün fəlakətin ilk günündən təmənnasız yanacaq verildiyi bildirilib. Canlı yayıma bir sıra ölkələrdən qatılan insanlar da ianələr ediblər.

Kampaniyanın sonunda toplam 115 milyard 146 milyon 528 min lirə (təxminən 6 milyard 108 milyon dollar) ianə edildiyi bildirilib. Bundan əlavə, canlı yayım müddətində 9 milyon 10 min ianə SMS-i (1 SMS 50 lirə) göndərilib ki, bu da 450,5 milyon lirə deməkdir.

Qeyd edək ki, yığılan vəsait Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın və “Türk Qızıl Ay” cəmiyyətinin hesabına köçürüləcək.