Fevralın 17-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq axşamı keçirilib.

Tədbiri Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılığından bəhs edib.

Tədbirin aparıcısı – tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir G.Kazımlının yaradıcılıq yolundan söhbət açıb.

Xalq artistləri – bəstəkar Sərdar Fərəcov, instrumental ifaçı Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əlirza Xələfli, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, Zaur Ustac və digər çıxış edənlər ürək sözlərini bölüşüb, G.Kazımlıya fəaliyyətində yeni uğurlar arzulayıblar.

Gülhüseyn Kazımlıya Qırğızıstandakı "Yanqi Ovoz" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyinin təsis etdiyi “Turan Birliyi” medalı və “Yazarlar” jurnalının təsis etdiyi “İsa Muğanna” diplomu təqdim edilib.