Azərbaycan

 

21 fevral 1906 – Əməkdar incəsənət xadimi, kinorejissor Həbib Ələkbər oğlu İsmayılov (1906 – 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosunda xüsusi yeri olan “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (1921 – 3.11.2007) Bakının Fatmayı kəndində doğulub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Sadıqzadə (1921 – 20.12.2014) Xızıda, tanınmış yazıçı Seyid Hüseyn və şairə Ümgülsümün ailəsində anadan olub. “Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. əsərlərin müəllifidir.

21 fevral 1997 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 – 1997) dünyasını dəyişib.

21 fevral 1999 – Prezident Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalayıb.

21 fevral 2012 – Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin (heykəltəraş – Xalq rəssamı Tokay Məmmədov) açılışı keçirilib. Abidə Prezident İlham Əliyevin 3 dekabr 2009-cu il və 24 dekabr 2010-cu il tarixli sərəncamlarına əsasən yaradılıb.

 

22 fevral 1869 – Görkəmli yazıçı, dramaturq, naşir Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (1869 – 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri (“Poçt qutusu”, “Qurbanəli bəy”), povest (“Danabaş kəndinin əhvalatları”) və dram əsərləri (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə milli ədəbiyyata misilsiz töhfələr verib. “Molla Nəsrəddin” jurnalı (1906) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

22 fevral 1898 – Əməkdar elm xadimi, ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.

22 fevral 1914 – Xalq rəssamı, heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1914-2001) Şuşa şəhərində anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.

22 fevral 1917 – Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.

22 fevral 1924 – Xalq artisti, görkəmli bəstəkar Süleyman Əyyub oğlu Ələsgərov (1924 – 21.1.2000) Şuşada doğulub. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Həmişəxanım” operettalarının, “Bahadır və Sona”, “Solğun çiçəklər” operalarının, mahnıların müəllifidir.

22 fevral 1950 – Əməkdar rəssam Asif Əli oğlu Məmmədov (1950 – 4.11. 2002) Gəncədə doğulub. Gəncə Dövlət Dram Teatrının baş rəssamı olub.

22 fevral 2019 – Prezident İlham Əliyev ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

22 fevral 2021 – Xalq artisti, tanınmış müğənni Yalçın İmran oğlu Rzazadə (15.12.1939 – 2021) vəfat edib.

 

23 fevral 1909 – Tanınmış ədəbiyyatşünas alim, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 – 20.11.1983) Gəncədə anadan olub.

23 fevral 1911 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1987) Şuşada doğulub. Filarmoniyanın, Musiqili Komediya Teatrının bədii rəhbəri və direktoru işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.

23 fevral 1928 – Akademik, coğrafiyaşünas, tarix və toponimika sahəsində əsərlərin müəllifi Budaq Əbdüləli oğlu Budaqov (1928-2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub.

23 fevral 1938 – Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov (1938-2005) Quba rayonunun Aydınkənd kəndində anadan olub.

23 fevral 1943 – Şair, tərcüməçi, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.

23 fevral 1952 – Əməkdar artist Əlican Süleyman oğlu Əzizov (1952 – 10.2.2021) anadan olub. Gəncə Dövlət Dram Teatrında, Nizami Poeziya teatrında aktyor kimi çalışıb, filmlərdə çəkilib.

23 fevral 1999 – Prezident Heydər Əliyev böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

23 fevral 2003 – Xalq artisti, görkəmli teatr və kino aktyoru  Həsənağa Turabov (24.3.1938 – 2003) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987-2001) edib.

23 fevral 2010 – Prezident İlham Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

23 fevral 2022 – Xalq artisti, qaboy ifaçısı Kamil Cəlil oğlu Cəlilov (29.1.1938 – 2022) vəfat edib. S.Rüstəmov və Ə.Bakıxanov adına xalq çalğı alətləri, “Dan ulduzu” instrumental ansambllarının solisti olub.

 

Dünya

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.

 

21 fevral 1925 – Amerika rejissoru və ssenaristi Sem Pekinpa (David Samuel Peckinpah; 1925-1984) anadan olub. Kinoda vestern janrının tanınmış simalarındandır.

 

22 fevral 1788 – Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.

22 fevral 1921 – İtalyan aktrisası Cülyetta Mazina (Giulietta Masina; 1921-1994) anadan olub.

 

23 fevral 1685 – Alman bəstəkarı Georq Hendel (Georg Friedrich Händel; 1685-1759) anadan olub.

23 fevral 1878 – Polyak əsilli rusiyalı rəssam Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub. Təsviri sənətdə abstraksionizmin tanınmış nümayəndələrindən biridir.

23 fevral 1878 – Tatar yazıçı-publisisti Qayaz İshaki (1878-1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, Ankarada vəfat edib.

23 fevral 1883 – Alman filosofu və psixoloqu, ekzistensializmin əsas simalarından biri Karl Yaspers (Karl Theodor Jaspers; 1883-1969) anadan olub.

Hazırladı: V.Orxan