Bakıdakı Rus evində məşhur opera müğənnisi Fyodor Şalyapinin (1873-1938) anadan olmasının 150 illiyinə həsr edilmiş konsert olub.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) verilən məlumata görə, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilati dəstəyi ilə keçirilib.
Tədbirin qonaqları arasında Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı Rauf Əliyev, bir sıra ölkələrin diplomatik korpusunun nümayəndələri, yaradıcı ziyalıların, mədəniyyət təşkilatlarının, həmvətənlər cəmiyyətlərinin təmsilçiləri olub.
BMA-nın müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən təşkil edilmiş konsert proqramında Əməkdar artist Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymur Kazımov, həmçinin akademiyanın tələbələri Emin İsmayılov, Aqşin Xudaverdiyev, Atif Qarabaği çıxış ediblər.
Fyodor Şalyapin Böyük Teatr (Moskva), Mariinski Teatrı (Sankt-Peterburq), Metropoliten Opera (Nyu-York) kimi məşhur teatrların məbədlərinin səhnələrində çıxış edb. İfaçılıqla yanaşı, rəssamlıq və heykəltəraşlıqla da məşğul olan vokalçı, həmçinin bir neçə filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları idi. Maksim Qorki onu “rus incəsənətində ayrıca bir dövr” adlandırmışdı.