Fevralın 19-da “Baku Crystal Hall”da Türkiyənin dünyaca məşhur rəqs kollektivi – “Anadolu atəşi”nin möhtəşəm rəqs şousu təşkil olunub.
Əvvəlcə Türkiyədə baş vermiş təbii fəlakəti əks etdirən videoçarx nümayiş olunub və “Anadolu atəşi”nin kollektivi faciə qurbanlarının xatirəsini rəqs kompozisiyası ilə yad edib.
Ansamblın şou-proqramına yüksək peşəkarlıqla ifa olunan milli rəqslər, türk folkloru, dünya xalqlarının rəqs nümunələri, səhnələşdirilmiş rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharətli çıxışları, habelə rəngarəng səhnə tərtibatı, solo nömrələr, kütləvi dramatik səhnələr daxildir.
Şouda həmçinin qədim əfsanələri “canlandıran” və rəqslə müşayiət olunan dekorasiyalar nümayiş olunub.
Azərbaycanda indiyədək bir neçə dəfə çıxış edən “Anadolu atəşi”nin növbəti şousu da rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Türkiyədəki təbii fəlakətlə əlaqədar vaxtı dəyişdirilən (daha öncə 8 fevrala nəzərdə tutulmuşdu) şou-proqramdan əldə olunan vəsait zəlzələdən zərərçəkənlərə ayrılacaq.
2002-ci ildən qastrol səfərlərinə başlayan qrup dünyanı gəzib. 106 ölkədə konsert verən “Anadolu atəşi” dünya səviyyəli tədbirlərdə (Bəhreyndə “Formula-1” yarışları, 2008-ci il Pekin Olimpiadası və s.) də bədii proqram təqdim edir.