Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində müasir gürcü yazıçısı Gela Dumbadzenin “Gecə qonağı” əsəri əsasında hazırlanmış “Məhşər günü” tamaşasının premyerası olub.
Tamaşanı səhnələşdirən Xalq artisti Vidadi Həsənov, quruluşçu rejissor Gümrah Ömər, quruluşçu rəssam Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, xoreoqraf Oksana Rəsulovadır.
Rolları Vidadi Həsənov (Mən), gənc aktyorlar Şahanə Yusifova (Qadın əcəl) və Tohid Əzim (Oğlan əcəl) ifa ediblər.
Birbölümlü əcəl oyunu kimi hazırlanan “Məhşər günü” tamaşası uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Odur ki, tapança ilə rus ruletkasını vasitə seçərək həyatı ilə oyuna başlayır. Hər cəhdində gülləyə tuş gəlməyən qəhrəman itirdiyi sevgilisini, ustadını, dostunu xatırlayıb onlara layiq olmadığını anlayır və israrla amansız oyununa davam edir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.