May ayında Bakıda keçirilmiş 57-ci “Eurovision” mahnı müsabiqəsinin birincisi olan İsveç növbəti yarışmanın keçiriləcəyi məkanı müəyyən edib. “Eurovision-2013” mahnı müsabiqəsi əhali sayına görə ölkənin üçüncü şəhəri olan Malmödə keçiriləcək.
   Müsabiqəyə ev sahibliyi etmək üçün ölkənin paytaxtı Stokholm və Malmö şəhərləri müraciət etmişdilər. Təşkilatçılar infrastrukturunun daha əlverişli olmasını nəzərə alaraq üstünlüyü Malmöyə veriblər.
   Malmö İsveçin turistlər tərəfindən ən çox səfər edilən şəhəridir. Şəhər ultramüasir tikililəri ilə diqqət çəkir. Şəhərdəki Bədii Muzey Avropanın ən iri müasir incəsənət sərgi meydançası sayılır. Avropanın ən hündür yaşayış binalarından biri (190 metr) də bu şəhərdədir. Malmödə hər il “Melodifestivalen” mahnı müsabiqəsi keçirilir.

   Fəxriyyə Abdullayeva