Bizim Müşfiqimiz kimi məzarı bilinməyən şair. Tanınmış tatar şairi Musa Cəlilin adı çəkiləndə, yaddaqalan poetik nümunələri ilə yanaşı, o həm də belə xatırlanır.
Musa Mustafa oğlu Cəlilov (Musa Cəlil) 15 fevral 1906-cı ildə Rusiyanın Orenburq vilayəti Şarlık rayonunun Mostafa kəndində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alır. Üç il Orenburqdakı “Hüseyniyyə” mədrəsəsində təhsilini davam etdirir. Erkən çağlardan poeziyaya maraq göstərir. “Xoşbəxtlik” adlı ilk şeiri 1919-cu ildə “Qızıl ulduz” qəzetində dərc olunur. 1925-ci ildə şeirlərindən ibarət “Biz gedirik” adlı ilk kitabı işıq üzü görür. O, bir müddət sonra Kazan şəhərinə gedir. “Tatarıstan” qəzetində işə düzəlir. İşləyə-işləyə fəhlə fakültəsinə yazılır. Sonra Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olunur. 1931-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Həmin ərəfədə “Ordenli milyonlar”, “Şeirlər və poemalar” adlı kitabları çapdan çıxır. Bu, şairin geniş və zəngin yaradıcılıq potensialını göstərir. O, həmçinin A.Puşkin, N.Nekrasov, T.Şevçenko və başqalarının şeirlərini ana dilinə tərcümə edir.
Araşdırmalarda qeyd edilir ki, tatar xalqının mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada Musa Cəlilin parlaq izi olmasın. O, tatar poeziyasının inkişafında müstəsna rol oynayıb, uşaq pyesləri qələmə alıb, opera teatrının yaradılmasında xidmətlər göstərib. “Poçtalyon”, “Direktor və günəş” adlı poemaları oxucuların marağına səbəb olub. “Altınçeç” (“Qızılsaçlı”) adlı libretto ilə tatar milli operasının yaradılmasında yaxından iştirak edir. Ardınca “Eldar” poema-librettosunu ərsəyə gətirir.
Tatarıstan Yazıçılar İttifaqına rəhbər təyin edilən Musa Cəlil gənclərin yaradıcılıq sahəsində inkişafı üçün böyük səy göstərir, rəssam, bəstəkar və aktyorların püxtələşməsi üçün əlindən gələni əsirgəmir.
Musa Cəlil 1935-ci ildə Moskva Dövlət Universitetində açılan Tatar opera studiyasına dəvət alır. Studiya 1938-ci ildə Tatarıstana köçürüləndə o da Kazana qayıdır. Studiyanın ədəbi hissə müdiri vəzifəsində işini davam etdirir. Şair 1939-cu ildə SSRİ Yazıçılar İttifaqı Tatarıstan şöbəsinin katibi seçilir. Lakin II Dünya müharibəsi onun da həyat yolunu dəyişir. 1941-ci ilin yayında “Otvaqa” (“İgidlik”) cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyətə başlayır. 1942-ci ildə Voloxov cəbhəsində ağır yaralanır və əsir düşür. Ağır işgəncələrə məruz qalan, taleyi ilə barışmayan şair ruzigarın acı yellərindən kömək umur. Əhvalından vətənin də xəbər tutmasını istəyir:
Əs, ey yad ölkənin acı rüzgarı,
Yollan düzənliklə, dağla, meşəylə.
Yetir doğma yurda bu mahnıları,
Onu əhvalımdan xəbərdar eylə.
1945-ci ilin may ayının əvvəllərində sovet əsgərləri vuruşa-vuruşa Moabit həbsxanasının həyətinə girir. Döyüşçülərdən biri rus dilində yazılan bir kağız tapır. Əsgər vərəqi qaldırır və əli ilə hamarlayır. Sonra kağız parçasını oxuyur: “Mən tatar şairi Musa Cəliləm. Moabit həbsxanasında yatıram. Yəqin ki, faşistlər məni güllələyəcək. Xahişim budur ki, bu qeydləri oxuyan şəxs ruslar Berlini azad etdikdən sonra bu barədə Moskvaya və Kazana xəbər versin. Həm də Fadeyevə, Qladkova, Korneyçuka və başqa yazıçılara mənim salamımı yetirsin...”. M.Cəlilin məktubu Yazıçılar İttifaqının sədri Fadeyevə göndərilir.
Məktub bir müddət sonra SSRİ Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyevə təqdim edilir.
II Dünya müharibəsi başa çatdıqdan sonra əsirlikdə faşizmə qarşı mübarizə aparan digər əsgərlər kimi, Musa Cəlilin də həyatı araşdırılır. Şairin antifaşist fəaliyyəti məlum olsa da, nəzərə alınmır. Əsir düşərkən özünü öldürmədiyi, almanlarla əməkdaşlıq etdiyi bildirilir və ən qatı cinayətkar elan edilir. Doğma vətənində ailəsi həbs edilərək sürgün olunur...
Aradan illər keçdikdən sonra belçikalı antifaşist Andre Timmermans şairin Moabitdə cib dəftərçəsinə yazdığı 115 şeirini Brüsseldəki SSRİ konsulluğuna təhvil verir. Şairin antifaşist təşkilatın üzvü olduğunu, buna görə də edam edildiyini (1944) bildirir. Həmin cib dəftərçəsi konsulluq tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə göndərilir. Stalinin ölümündən sonra Musa Cəlilin işi bir daha araşdırılır. Şairə ölümündən sonra, 1956-cı ildə Sovet İttifaqı Qəhrəmanı adı verilir. Əsərləri yenidən mətbuat səhifələrində yer alır. “Moabit dəftəri” silsiləsi müxtəlif dillərə tərcümə edilir. Adı, xatirəsi əbədiləşdirilir...
Özünün yazdığı kimi:
Mən ölməyəcəyəm, yox, nəğmələrim
Bu dünya durduqca məşəltək yanar.
Zəfərlərlə ölən bir qəhrəmana
“Öldü” söyləməyə kimin haqqı var?!
Savalan Fərəcov