“Fotoqraflıq həyatımın ən ağır səhnəsi idi...”

 

Xocalı faciəsi baş verəndən sonra ilk günlər idi. O vaxt çalışdığım “Səhər” qəzeti redaksiyasından məni Təzəpir məscidində Xocalıdan gətirilən meyitlərin şəklini çəkməyə göndərdilər. İndiki kimi yadımdadır, məscidin giriş pilləkənlərinin qarşısında yerə dama-dama naxışlı şal salınmışdı və onun üstündə iki məsum körpə uşaq meyiti var idi. Onlardan birinin dizində güllə yarasının yeri aşkar görünürdü, o birisinin başının arxa hissəsi yox idi. Uşaqların üz-gözü dəhşətli dərəcədə tanınmaz vəziyyətə salınmışdı. Mən həmin hadisəyə qədər, o gündən sonra da xeyli şəhid, yaralı əsgər və s. şəkil çəkmişəm. Lakin indiyə qədər mənə o cür dəhşətli heç bir səhnə təsir etməyib.

Şəkli çəkib işə getdim. İşə çatıb çəkdiyim plyonkanı eyni redaksiyada çalışdığım tanınmış fotoqraf Rauf Umuda verib onları aşkarlayıb çap etməyi xahiş etdim. Özüm isə uzun müddət sarsıntı keçirdim...

Bunu tanınmış fotoqraf Şahin Abasəliyev 31 il öncə çəkdiyi və o vaxtdan Xocalının foto-ağısı kimi yaddaşlara həkk olunan şəkil haqqında danışarkən deyib.

Xocalı hadisələri baş verən vaxt “Səhər” qəzetində işləyən Şahin sonralar həmin fotonun Azərbaycan, rus və ingilis dillərində çap olunan soyqırımından bəhs edən “Xocalı sonuncu gün” jurnalının üz qabığında dərc olunduğunu, daha sonralar isə müxtəlif qəzet və jurnallarda işıq üzü gördüyünü deyib.

Şahin deyib: “Sonradan öyrəndim ki, Xocalıda qəddarcasına öldürülən bu qızcığazları mərhum telejurnalist Çingiz Mustafayev vertolyotla Bakıya gətirib. Həmin şəkildəki qızın biri Gülmirə Xocalının müdafiəçilərindən olan Murad Mehdiyevin qızıdır. Onun 5 yaşı olub, atasını və iki bacısını erməni quldurları qətlə yetiriblər, anası Nanəni isə əsir götürüblər. Fevralın 26-cı gecəsi şəhərin 70-ə yaxın sakini ilə birlikdə Qaraqayada düşmən güllələrindən yayınmaq istəsələr də, bu, mümkün olmayıb. Həmin dəstədən yalnız 4 nəfər – Gülmirənin anası, qardaşı Arzu, bir də şəhər sakini Şahnaz və qızı salamat qalıb, qalanlarının hamısını erməni hərbçiləri amansızcasına qətlə yetiriblər. Digər qızcığazın isə kimliyini müəyyən edə bilmədiklərindən ona Nişanə adı verilib. Fevralın 27-də Təzəpir məscidində yuyulub kəfənlənəndən sonra onları Şəhidlər xiyabanında dəfn ediblər.

Həmin hadisə mənim 35 ilə yaxın fotoqraflıq həyatımın ən ağır və dəhşətli səhnəsidir. Belə bir səhnəni heç kimə arzulamıram – nə həmin faciəni yaşamağı, nə də onu əbədiləşdirməyi...”.