Unutmuruq, əbədiyyən xatırlayacağıq...
Tariximizin ən faciəli səhifəsi – Xocalı soyqırımı 31 yaşına qədəm qoyur. Erməni silahlı dəstələrinin 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törətdiyi soyqırımı bizim acımız olmaqla yanaşı, eyni zamanda dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biri, bəşəriyyətin ləyaqət lövhəsinə həkk olunan qara ləkədir.
Xocalıda bir gecənin içində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanlı olduqları, doğma yurdda yaşamaq istədikləri üçün. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum olub, 487 nəfər ağır yaralanıb. 1000-dən çox Xocalı sakini erməni əsirliyinin dəhşətini yaşayıb.
Bu müsibətin milli dərd kimi acısı böyükdür. Amma qisas qiyamətə qalmadı. Xocalıda qurban gedənləri geri qaytara bilməsək də, 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfər bizim üçün Xocalının da qisası oldu.
O qurbanların xatirəsinə ucaldılmış “Ana harayı”nda yağıdan alınan qisasın da səsi var. Artıq üçüncü ildir bəşəri kədərin abidəsi önünə milli ruhumuzu dirçəldən Zəfərin təsəllisi ilə gedirik...
Xocalının kədər izi isə qan yaddaşımızdan heç vaxt silinməyəcək. Unutmuruq, əbədiyyən də xatırlayacağıq...