Məncə, o, həyata da, sənətə də məhz buna görə gəlmişdi – xatirələrdə sevgi ilə qalmaq üçün. Əslində, bu, elə də asan məsələ deyil. Çünki həyat və yaradıcılığı boyu uğura gedən yolda bəzən məcburiyyətdən, bəzən də istəyərək ya kiminsə yolunu kəsməli, ya da kənara çəkilib kiminsə sənə əl uzatmasını gözləməlisən. Amma həyatı da, yaradıcılığı da, düşüncələri də daim işıqlı olan ləyaqətli insanlar bunun heç birisini etmir və taleyin verdiklərini minnətdarlıqla qəbul edib yaşayırlar. Sevilən aktyor Bahadur Əliyev (1933-2002) kimi...
Bunu onun yubiley gecəsinə gələn kino, sənət xadimlərinin hər biri dönə-dönə vurğuladılar.
Fevralın 24-də Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor, uzun illər bir çox filmlərin səslənməsində böyük əməyi olmuş Bahadur Əliyevin 90 illiyi münasibətilə tədbir keçirildi.
Sənət dostlarının, ailə üzvlərinin iştirak etdiyi tədbirdə sənətkarın həyat və yaradıcılığına, fəaliyyət dövrünə fotosərgi və videoçarxla nəzər salındı.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Bahadur Əliyevin Azərbaycan kinosundakı fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışan və daim sənətinə sevgi ilə bağlı olan aktyor əsl kino fədailərimizdəndir. O, rollar arasında heç vaxt fərq qoymayan, ona həvalə olunan epizodik rolu belə baş obraz kimi qəbul edib, üzərində məsuliyyətlə çalışan aktyor olub. Dublyaj sənətimizdə də müstəsna xidmətləri olan aktyor simasından çox səsi ilə tanınan sənət xadimlərindəndir.
Kinorejissor, Əməkdar artist Elxan Qasımov aktyorla ilk dəfə “Əhməd haradadır?” filminin çəkilişlərində tanış olduqlarını və bununla davam edən ömürlük dostluqlarının şirin xatirələrini mərasim iştirakçıları ilə bölüşdü. B.Əliyevin həyatsevər, dinamik, səmimi və nikbin adam olduğunu da yada salan E.Qasımov onun paxıllıq və həsəddən uzaq durduğunu, sənət dostlarının uğurlarına az qala onarın özlərindən çox sevindiyini və ən əsası da, heç vaxt hər hansı fəxri ad, mükafat, baş rol üçün qapılar döymədiyini dedi.
Xalq artisti, kinorejissor Oqtay Mirqasımov yubilyarın qürurlu, dürüst və həddən artıq zəhmətsevər olduğunu yada saldı. Kinematoqrafiya üçün səs, təsvir və istedad kimi bütün vacib xüsusiyyətlərə malik aktyorun ön plan obrazlarda çəkilməməyini böyük təəssüflə vurğuladı.
Xalq artisti Xalidə Quliyeva, Əməkdar artistlər Çingiz Əhmədov və Rəhman Rəhmanov da aktyor haqqında xatirələrini bölüşdülər. Onun istər kinofilmlərdə, istərsə də televiziyanın müxtəlif proqramlarında, ələlxüsus da “Mozalan” kinojurnalındakı kiçik, lakin yaddaqalan və çoxşaxəli aktyor potensialını nümayiş etdirən rollarından bəhs etdilər.
Tədbir boyu biz aktyorun filmlərdə və televiziya verilişlərində oynadığı rollardan fraqmentləri də izlədik. Beləcə, aktyorun doğmaları başda olmaqla hamımız, sözün həqiqi mənasında, parlaq bir sənət ömrünün kövrək xatirələrində duyğulu anlar yaşadıq.
Həmidə