Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə uğurla nümayiş olunub.

Teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa böyük şair, ictimai xadim Əhməd Cavadın (1892-1937) 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli ziyalıların xanımlarına, eləcə də 1937-ci il repressiyası qurbanlarının 85 illiyi münasibətilə ötən il səhnələşdirilib. Tamaşa tarixi-sənədli faktlara istinadla ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Vadim Kuskov, plastik həll müəllifi Ceyhun Dadaşov, rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri Günay Qasımova və Sevda Hacışəmiyevadır.

Səhnə əsəri Əhməd Cavadın xanımı Şükriyyə Axundzadənin və digərlərinin timsalında 30-40-cı illərdə 26 min qadının məşəqqətli həbs və sürgün həyatının sənədli-bədii təcəssümüdür.