Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində 22-23 fevral tarixlərində Bakı Xoreoqrafiya Akademiyasında (BXA) tələbə elmi-praktiki konfrans keçirilib.
Konfransın ilk günü BXA-nın İncəsənət fakültəsinin tələbələri Azərbaycan rəqs sənətinin tarixi inkişaf yolu, milli rəqslərimizin yaranması, onların düzgün ifa tərzi və müxtəlif xoreoqrafik mövzular üzrə məruzələrlə çıxış ediblər.
“Sentimentalizmin parlaq nümayəndəsi İvan Valberx”, “Lev Tolstoyun əsərləri əsasında balet tamaşaları”, “Xoreoqrafiya sənətində din mövzusunun təzahürü”, “Azərbaycan rəqslərinin ifa tərzi”, “XX əsr Azərbaycan teatrının tərəqqisində Cəfər Cabbarlının rolu” və s. məruzələr dinlənilib.
Konfransın ikinci günündə isə BXA-nın orta ixtisas təhsili pilləsinin tələbələri Azərbaycanın görkəmli bəstəkarları və rəqs sənəti nümayəndələrinin yaradıcılığına müraciət edərək “Rəqs sənətinin quruluşu və xüsusiyyətləri”, “Qara Qarayevin balet yaradıcılığı”, “Üzeyir Hacıbəylinin yaradıcılıq irsi”, “F.Listin yaradıcılıq yolu”, “Yozef Haydnın yaradıcılıq fəaliyyəti” və s. məruzələrlə çıxış ediblər.
Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim edilib.