Azərbaycan
4 mart 1919 – Görkəmli aktyor, rejissor Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyətində, “Nicat” teatr cəmiyyətində çalışıb. 1916-cı ildə “Neft və milyonlar səltənətində” filmində Lütfəli bəy rolunu oynayıb.
4 mart 1919 – Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Bakıda memarlıq nümunələri olan binalar (AMEA-nın Rəyasət Heyəti (“İsmailyyə”), Dövlət Neft Şirkətinin köhnə binası, Üns teatrının binası və s.) inşa etdirib.
4 mart 2013 – Prezident İlham Əliyev böyük səhnə ustası, SSRİ Xalq artisti Hökümə Qurbanovanın və Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyləri haqqında sərəncamlar imzalayıb.
4 mart 2019 – Prezident İlham Əliyev opera müğənnisi, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
4 mart 2022 – Əməkdar rəssam, tanınmış heykəltəraş Albert Zaman oğlu Mustafayev (26.1.1931 – 2022) vəfat edib.
5 mart 1910 – Əməkdar incəsənət xadimi, rejissor Səftər (Əlisəftər) Həbib oğlu Turabov (1910-1989) Bakıda doğulub. Akademik Milli Dram Teatrında işləyib, Azərbaycan Radiosunda radio tamaşaları hazırlayıb.
5 mart 1919 – Teatr və kino aktyoru, kiçik rolların mahir ifaçısı Məmmədsadıq Qafar oğlu Nuriyev (1919 – 22.3.1975) Bakıda doğulub. Xalq artisti Yaşar Nurinin atasıdır. İrəvan Dövlət Azərbaycan Dram, Gəncə Dram, Musiqili Komediya teatrlarında çalışıb.
5 mart 1925 – Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
5 mart 1926 – Xalq rəssamı Cahangir Mahmud oğlu Rüstəmov (1926 – 13.2.2007) Şəki şəhərində anadan olub. Tarixi mövzuda əsərlər, məişət tabloları, mənzərələr, portretlər və natürmortların müəllifidir.
5 mart 1936 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 – 25.8.2002) Şəkidə doğulub. AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru olub.
5 mart 1947 – Ədəbiyyatşünas, yazıçı Vaqif Minad oğlu Arzumanlı (1947 – 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.
5 mart 1953 – Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas Kamran İmran oğlu Əliyev (1953 – 23.12.2020) Naxçıvan MR Şərur rayonunun Diyadın kəndində anadan olub.
5 mart 1956 – Şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov; 1956-2017) Ağsunun Pirhəsənli kəndində doğulub. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Özümü sözə çevirdim” və s. kitabların müəllifidir.
5 mart 1970 – Əməkdar incəsənət xadimi, rəssam Reyhan İbrahim qızı Topçubaşova (15.12.1905 – 1970) vəfat edib. Portret (“M.Ə.Sabir”), mənzərə (“Mərdəkanın görünüşü”) janrlarında, məişət mövzusunda (“Köhnə bazar”, “Toy”) əsərlər, natürmortlar çəkib.
6 mart 1920 – Ədəbiyyatşünas Yəhya Qasım oğlu Seyidov (1920-1980) Ordubadda anadan olub.
6 mart 1922 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu Azərbaycan əlifbasını latın yazı qrafikasına keçirilməsi ilə bağlı xüsusi komissiya (sədr Səməd Ağamalıoğlu) yaratmaq bərədə qərar qəbul edib. Komissiyanın bazasında 1922-ci ilin mayında Yeni Türk Əlifbası Daimi Komitəsi yaradılıb.
6 mart 1931 – Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas, yazıçı Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.
6 mart 1944 – SSRİ hökuməti (Xalq Komissarları Soveti) “Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında” qərar qəbul edib. Qərarda Azərbaycan dilində ordu qəzeti nəşr etmək, Cənubi Azərbaycan yazıçı və şairlərinin əsərlərinin nəşri üçün Təbrizdə mətbəə açmaq, Azərbaycan Dövlət Dram Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunun təşkili kimi məsələlər əksini tapmışdı.
6 mart 1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimai-siyasi xadim, publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 – 1955) Ankarada vəfat edib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı” və s. əsərlərin müəllifidir.
7 mart 1908 – Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.
7 mart 1926 – Azərbaycan aşıq poeziyasını görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. 1918-ci ildə qaçqınlıq taleyi yaşayıb, ömrünün sonuna yaxın doğulduğu kənddə qayıdıb və orada dünyasını dəyişib.
7 mart 1926 – Şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Böyükağa Murtuza oğlu Hüseynov (1926-1983) Bakıda anadan olub.
7 mart 1940 – Bakıda Azərbaycan rəssamlarının birinci qurultayı işə başlayıb. Qurultayda İsmayıl Axundov Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin sədri, Mürsəl Nəcəfov məsul katib seçilib.
7 mart 1945 – Xalq artisti Xuraman Abdulla qızı Hacıyeva (1945 – 15.2.2005) anadan olub. “Arşın mal alan” (1965), “Lətifə” və s. filmlərdə çəkilib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.
7 mart 1997 – Bakıda, Respublika Sarayında Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.
Dünya
4 mart 1678 – İtalyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi; 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) əsəri ilə şöhrət qazanıb.
4 mart 1908 – Rus yazıçısı Boris Nikolayeviç Polevoy (əsl soyadı Kampov; 1908-1981) anadan olub. “Əsl insan haqqında povest”i ilə məşhurdur.
4 mart 1925 – Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat; 1925-2006) anadan olub.
5 mart 1922 – İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazolini (Pier Paolo Pasolini; 1922-1975) anadan olub.
5 mart 1934 – Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub.
6 mart 1475 – İtalyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Lodovico Buonarroti Simoni; 1475 – 18.2.1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.
6 mart 1909 – Polyak satirik yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec; 1909-1966) anadan olub.
6 mart 1928 – Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 – 17.4.2014) anadan olub.
7 mart 1875 – Fransız impressionist bəstəkarı, XX əsr musiqisinin islahatçılarından Moris Ravel (Joseph Maurice Ravel; 1875-1937) anadan olub.
7 mart 1924 – Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub.
7 mart 1941 – Rusiyanın Xalq artisti Andrey Mironov (Menaker; 1941-1987) anadan olub.
Hazırladı: V.Orxan