XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi və ədəbi fikrin inkişafında böyük xidmətləri olan ziyalılarımızdan biri də pedaqoq, dramaturq, tərcüməçi və etnoqraf Rəşid bəy Əfəndiyevdir. O, ömrünün 60 ilini xalq maarifi işinə həsr edib. Bu il görkəmli ziyalı-ədibin anadan olmasının 160 illiyidir.
Rəşid bəy İsmayıl oğlu Əfəndizadə (Əfəndiyev) 1863-cü ildə Nuxa (indiki Şəki) şəhərində ruhani ailəsində anadan olub. İbtidai təhsilini mollaxanada alır. Sonra Nuxa qəza məktəbində təhsilini rus dilində davam etdirir. 1878-ci ildə Qori Müəllimlər Seminariyasının Müsəlman şöbəsinə qəbul olunur. İlk günlərdən müəllimlərinin diqqətini çəkir. Çalışqanlığı, elmi biliklərə coşqun marağı ilə tələbə yoldaşlarından fərqlənir. Seminariyanın üçüncü kursunda ikən tədris proqramlarının tərtibində və ana dili dərsliklərinin hazırlanmasında yaxından iştirak edir. Eyni zamanda ictimai işlərdə fəallıq göstərir. Dram dərnəyinə yazılır. Klassik Azərbaycan və rus ədəbiyyatını mütaliə edir. Bütün bunlar onda bədii yaradıcılığa da güclü maraq oyadır.
Araşdırmalarda qeyd edilir ki, gənc Rəşid bəy ilk olaraq Qəbələ ibtidai xalq məktəbində pedaqoji fəaliyyətə başlayır, sonra bu təhsil ocağının müdiri olur. O, burada işlədiyi müddətdə sakinlərin yaşayış tərzi, adət-ənənəsi, folkloru, mədəni irsi ilə yaxından tanış olur. Eyni zamanda şagirdlərdə vətən-xalq sevgisi, milli təəssübkeşlik hissi, elmi biliklərə dərin maraq yaratmağa çalışır. Məktəbdə tədrisin dövrün tələblərinə uyğun qurulmasına çalışır. Yeni dövrün çağırışları qarşısında köhnə təhsil üsullarının artıq gərəkli olmadığı qənaətinə gələn, ana dilində dərsliklərin zərurətə çevrildiyini görən maarif xadimi yazırdı: “...Mən anladım ki, köhnə məktəb dağılmalıdır. Bu isə yalnız Uşinskinin yeni üsulla olan dərs kitabları kimi öz məktəbimiz üçün ana dilində dərs kitabları tərtib etməklə mümkündür”.
Maarifpərvər ədib zəngin mədəni irsə, maraqlı adət-ənənəyə malik Azərbaycan xalqının cəhalət və xurafat məngənəsində əzilməsinə laqeyd qala bilmir. Çıxış yolunu elmi biliklərin, maarif və mədəniyyətin yayılmasında, xalqın özünü dərk etməsində və öz gücünə inamında görür. Ona görə də bütün bilik və bacarığını xalqın maariflənməsi işinə, elmi və ədəbi yaradıcılığa həsr edir.
R.Əfəndiyev Nuxa bölgəsi ətrafında – Xaçmaz kəndində yeni üsullu məktəb açır. Burada Azərbaycan və rus dillərini tədris edir. 1892-ci ildə Tiflisdəki müsəlman məktəbinə müəllim vəzifəsinə dəvət olunur. Eyni zamanda Qafqaz Müsəlmanları Ruhani İdarəsində katib müavini və müftinin “Ömər məktəbi”ndə müəllim işləyir. O, tanınmış rus pedaqoqu K.Uşinskinin pedaqoji görüşləri, A.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə dahi rus yazıçısı L.Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanış olur. Eyni zamanda “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabını hazırlayır. L.Tolstoyun hekayə və məqalələrindən etdiyi tərcümələri də bu dərsliyə əlavə edir. Dərsliyi 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirir. İkinci dərsliyin – “Bəsirət-ül-ətfal” ədəbiyyat dərsliyinin üzərində böyük həvəslə çalışır. Ədəbi qiraət kitabı 1901-ci ildə Bakıda iki min nüsxə ilə nəşr edilir. İrəvan quberniyasında, bütün Qafqaz məktəblərində paylanır və mükəmməl dərslik kimi tədris olunur. Bu nəşr ədəbiyyat dərsliyi olsa da, məktəb uşaqlarının ensiklopedik məlumat kitabı kimi səciyyələndirilir.
Rəşid bəy Əfəndiyev müəllimliklə yanaşı, dərsdənkənar təşkil etdiyi ədəbiyyat dərnəyi və teatr truppası seminariyada canlanma yaradır. Tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunur. Azərbaycan və rus dillərində teatr tamaşaları göstərilir.
O, gənclərin zamanla ayaqlaşması, açıqfikirli və mübariz olması üçün yazdığı didaktik, nəsihətamiz hekayələrində, şeirlərində vətənə, ana dilinə, təbiətə məhəbbət, işgüzarlıq, xeyirxahlıq, dostluq duyğuları aşılayır. Görkəmli dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadənin komediyalarının təsiri altında yazdığı “Qan ocağı”, “Tiflis səfərləri”, “Saqqalın kəraməti”, “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telin qiyməti”, “Qızılgül” və s. pyeslərində maarifçi təfəkkürün inkişafına dair ideallarını ifadə edib.
Maarifpərvər ədib sovet dövründə Şəki şəhərinə qayıdır. Burada oğlan və qız seminariyaları təşkil edir. Eyni zamanda Pedaqoji Məktəbin direktoru olur. Bir maarifçi kimi pedaqoji və ədəbi sahədə axtarışlarını davam etdirir. Azərbaycan I Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilir.
Görkəmli maarif xadiminin çox sayda dərs dediyi yetirmələri arasında milli mədəniyyət və elmimizin tanınmış alim və incəsənət xadimləri vardır. Azərbaycanın görkəmli musiqi xadimləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayev də R.Əfəndiyevin tələbələri olub.
Ömrünü xalqının maariflənməsi işinə həsr edən, fəaliyyəti gənc nəsil üçün bir örnək olan Rəşid bəy Əfəndiyev 1942-ci ildə 79 yaşında Şəkidə vəfat edib.
Savalan Fərəcov