Oqtay Kazıminin yubileyinə həsr edilmiş musiqi axşamı

 

Fevralın 28-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin (1932-2010) 90 illiyinə həsr olunmuş konsert keçirildi.

Mərasimdə mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar, musiqisevərlər iştirak edirdilər.

Əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi.

Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova Oqtay Kazımini musiqi mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən bəstəkar kimi xarakterizə etdi. Bildirdi ki, əsasən mahnı bəstəkarı kimi tanınsa da, O.Kazıminin yaradıcılıq diapazonu çox genişdir. Bəstəkar böyük simfonik orkestr üçün “Azərbaycan rapsodiyası”, “Qəhrəmanlıq simfoniyası”, “Bayram uvertürası”, “Sumqayıt lövhələri” simfonik süitası, eləcə də 20 Yanvar faciəsinə həsr etdiyi “Şəhidlər” simfoniyası, “Qarabağ lövhələri” simfonik süitası kimi əsərlərin müəllifidir. Həmçinin bir sıra tamaşalara (“Qılınc və qələm”, “Danabaş kəndinin əhvalatı”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Şeyx Sənan”, “Ədirnə fəthi”, “Büllur sarayda” və s.) musiqilər yazıb.

Sonra konsert proqramı təqdim olundu. Gecədə Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, İlhamə Qasımova, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva, Mətin Rzazadə, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev və “Qaya” ansamblı çıxış etdilər.

Bəstəkarın “Qaytar eşqimi”, “Mehriban insanlar”, “Dağlar”, “Məhəbbət”, “Əlvida”, “İnanmaram”, “Bəs nə deyim?”, “Taleyim mənim”, “Ey həyat, sən nə qəribəsən?”, “Bulaq suyu, dağ havası”, “Bir yerdə olaq”, “Ayrılıq olmayaydı”, “Cavanlığım”, “Hər Vətən deyəndə...”, “Tələsin, insanlar” və s. könül oxşayan mahnıları səsləndi.

İfaçıları Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri (bədii rəhbər Xalq artisti Salman Qəmbərov) və instrumental ansamblı (bədii rəhbər Mirxalid Salayev) müşayiət edirdi. Bəstəkarın unudulmaz nəğmələri tamaşaçıları nostalji hisslərə qərq etdi. Bütün ifalar alqışlarla qarşılandı.

***

Xatırladaq ki, Oqtay Məmməd oğlu Kazımi 1932-ci il dekabrın 27-də Astara şəhərində anadan olub. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində xor dirijoru ixtisası (Hacı Xanməmmədovun sinfi) üzrə və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Bəstəkarlıq fakültəsində (Cövdət Hacıyevin sinfi) təhsil alıb. Sumqayıt Musiqi Texnikumunda müəllim və direktor müavini işləyib. Azərbaycan Dövlət Filarmoniyasında musiqi redaktoru vəzifəsində çalışıb, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində dərs deyib.

O.Kazıminin mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer alıb. Onun nəğmələrini Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Eldar Axundov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zaur Rzayev və digər tanınmış müğənnilər ifa ediblər.

Bəstəkar 1992-ci ildə “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına, Prezident təqaüdünə layiq görülüb. 2010-cu il avqustun 9-da vəfat edib. 2020-ci ildə Astara şəhər Uşaq musiqi məktəbinə Oqtay Kazıminin adı verilib.

Nurəddin Məmmədli