Yerlərdə “Heydər Əliyev İli” ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir, Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətləri minnətdarlıqla xatırlanır.

Samux rayon Mədəniyyət Mərkəzində “Xalqını Zəfərə aparan lider” adlı tədbir təşkil olunub. Əvvəlcə Ulu öndər haqqında hazırlanmış videoçarx nümayiş etdirilib, sonra çıxışlar dinlənilib. Qeyd olunub ki, Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.

Mədəniyyət Mərkəzinin Sərkar kənd Folklor evində “Xalqının xilaskar oğlu” adlı dəyirmi masa keçirilib. Çıxışlardan sonra Folklor evinin bədii qiraət dərnəyinin üzvləri Ulu öndərə həsr edilmiş şeirlər söyləyiblər. Sərkar kənd kitabxanasında isə “Tarix yaradan insan” başlığı altında dəyirmi masa keçirilib. Məktəbli oxucular “Heydər babanın nəvələriyik” şeirini səsləndiriblər.

Xocalı rayon Mədəniyyət evi və Xocalı şəhər 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi” adlı tədbir keçirilib. Bildirilib ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub.

***

Zaqatala rayon Uşaq incəsənət məktəbində “Heydər Əliyev gənclərin gözü ilə” adlı tədbir keçirilib. Şagirdlər şeirlər söyləyib, məktəbin xor kollektivi mahnılar ifa edib.

Balakən rayon Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda açıq dərslər davam edir. Dərslərin əsas məqsədi Ümummilli liderin dövlətçilik irsinin və azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliği, şagirdlərin bu sahədə biliklərinin zənginləşdirilməsindən ibarətdir. İndiyədək dərslərdə rayonun 18 ümumtəhsil məktəbinin 403 nəfər XI sinif şagirdi iştirak edib.

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən “Haqdan yanan çıraq sönmür” adlı layihə çərçivəsində Qax rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edilib. Muzeyin əməkdaşları mərkəzin fəaliyyəti ilə tanış olub, rəy və təkliflər kitabına öz ürək sözlərini yazıblar.

***

Ucar rayon MKS-nin Mərkəzi Kitabxanasında “Zəmanəni qabaqlayan fenomen – Heydər Əliyev dühası” başlığında tədbir təşkil olunub.

***

Masallı rayon Mərkəzi Kitabxanasında YAP rayon təşkilatı və kitabxananın birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib.

Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və mədəniyyət” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, Ulu öndərin ölkənin bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində gördüyü işlər onun Vətəninə, dövlətinə, xalqına nə qədər bağlı olduğunu nümayiş etdirir. Tədbir iştirakçıları Heydər Əliyev haqqında nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin zəngin dövlətçilik ənənələrindən söz açıblar. Sonda mərkəzdə təşkil olunan sərgilərə, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış olub.

***

İmişli rayon Əliqulular kənd kitabxanası tərəfindən kənd klubunda Ulu öndərin 100 illiyi ilə bağlı tədbir keçirilib. Dahi siyasətçiyə həsr edilmiş şeirlər söylənilib, “Əbədiyyət yolu” filmi nümayiş etdirilib.

***

Saatlı rayon Mərkəzi Kitabxanasında “Dünyanın ən böyük siyasətçilərindən biri” adlı tədbir təşkil edilib. Ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib, məktəbli fəal oxucuların söylədiyi şeirlər maraqla qarşılanıb. Sonda tədbir iştirakçıları foto və kitab sərgisi ilə tanış olublar.

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şirvan Müalicə-Diaqnostika Mərkəzində “Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında rolu” adlı sərgi təşkil edilib.

***

Siyəzən rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev – dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib. Çıxış edənlər dünya miqyaslı dövlət xadimi olan Ulu öndərin dövlətçilik ənənələrimizin dirçəldilməsi, müasir inkişafımızın təməlinin qoyulmasında misilsiz xidmətlərindən bəhs ediblər. Sonra dahi siyasətçinin həyat yolu və siyasi fəaliyyətindən bəhs edən “Heydər Əliyev – dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.

***

Qəbələ rayon Mədəniyyət Mərkəzində “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə müxtəlif yaş qrupları üzrə 23 nəfər iştirak edib. Gülnar Abdurahmanova I, Aydan Musalı II, Ayla Abdurahmanova isə III yerə layiq görülüb.

***

Ağstafa Dövlət Rəsm Qalereyası Ağstafa şəhərindəki Səməd Vurğun parkında “Heydər Əliyev – 100” başlıqlı səyyar sərgi təşkil edib. Sərgidə Ulu öndərin portretləri, dövlət rəmzlərimiz və təbii zənginliklərimizlə bağlı rəsmlər yer alıb.

Nurəddin Məmmədli