Tacikistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Düşənbədə ölkə müstəqilliyinin 20 illiyinə həsr edilmiş Beynəlxalq kitab sərgisi keçirilib. 
   Sərgidə Azərbaycanın Tacikistandakı səfirliyi də iştirak edib. Azərbaycan üçün ayrılmış guşədə siyasət, tarix, ədəbiyyat, incəsənət və turizmə aid kitablar nümayiş etdirilib. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər barədə materiallar iştirakçıların diqqətini cəlb edib.
   Sərgidə Dağlıq Qarabağ münaqişəsinin tarixi və ermənilərin işğalçılıq siyasəti haqqında kitablar da nümayiş olunub. Səfirlik tərəfindən 2011-ci ildə rus, ingilis və tacik dillərində nəşr olunmuş nəşrlər - ulu öndər Heydər Əliyevə həsr edilmiş “Xalqa həsr edilmiş ömür - əlçatmaz zirvə!”, 28 May-Respublika Günü ilə bağlı “Səkkizguşəli ulduzun məşəli əbədi yanacaq!” adlı kitabçalar, “Xocalıya ədalət zəfər çalacaq - tarixin məhkəməsi qaçılmazdır”, azərbaycanlıların soyqırımından bəhs edən “Tarixi xalqın yaddaşından silmək olmaz” və s. bröşürlər sərgi iştirakçılarına paylanıb.
   Sərgi çərçivəsində ölkədə nəşr olunmuş yeni kitabların təqdimatı da keçirilib.
   Sərgidə fəal iştirakına görə Azərbaycanın Tacikistandakı səfirliyi diplomla təltif edilib.