Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

288 il əvvəl...

 

10 mart 1735-ci ildə Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını (Dərbənd, Bakı, Salyan) tərk ediblər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürüb.

 

229 il əvvəl...

 

12 mart 1794-cü ildə Polşada Tadeuş Kostyuşkonun başçılığı altında Rusiya və Prussiya (alman) müstəmləkəçiliyinə qarşı üsyan başlayıb. Aleksandr Suvorovun komandanlıq etdiyi rus qoşunları üsyanı yatırıb. Bundan sonra Rusiya və Prussiya Polşanı 3-cü dəfə (tamamilə) bölüşdürüblər.

 

150 il əvvəl...

 

10 mart 1873-cü ildə Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bununla Azərbaycan peşəkar milli teatrının əsası qoyulub.

 

113 il əvvəl...

 

8 mart 1910-cu ildə Kopenhagendə (Danimarka) sosialist qadınların beynəlxalq konfransında Klara Setkinin təklifi ilə 8 martın qadınların həmrəyliyi günü kimi qeyd edilməsi qərara alınıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə, Danimarkada, iki il sonra Rusiyada qeyd olunub. 1966-cı ildə 8 mart SSRİ-də istirahət günü elan edilib. 1977-ci ildə BMT tərəfindən beynəlxalq günlər sırasına daxil edilib.

 

103 il əvvəl...

 

10 mart 1920-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə 10 mart Azərbaycanda “Qızıl Aypara Günü” kimi qeyd olunur.

 

101 il əvvəl...

 

12 mart 1922-ci ildə bolşevik Rusiyasının təşviqi ilə üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqı – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb.

 

75 il əvvəl...

 

10 mart 1948-ci ildə SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı ilk qərar 1947-ci il dekabrın 23-də verilmişdi. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Azərbaycanın rəhbəri M.Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldılmışdı. Qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini A.Mikoyan idi.

 

31 il əvvəl...

 

12 mart 1992-ci ildə Qazax rayonunun Aşağı Əskipara, Ağdərə rayonunun Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 44 günlük müharibəsindən sonra Ağdərə rayonunun kəndləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindədir.

Hazırladı: V.Orxan