Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan və premyerası müəllifin doğum günündə (4 fevral) olan “Nəğməmə inan” tamaşası mart ayında da repertuardadır.
Teatrın rus bölməsində ərsəyə gələn musiqili komediya martın 8-də – xanımların bayramında nümayiş olunub. Tamaşa martın 11-də növbəti dəfə teatrsevərlərə təqdim olunacaq.
Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluş verdiyi səhnə əsərinin librettosunun və mahnıların mətninin müəllifi Mixail Şerbaçenko, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edir.
Xatırladaq ki, vaxtilə Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.