Nazirlər Kabinetinin qərarı ilə turizm və hotelçilik ixtisasına qəbulun sayı artırılıb
Azərbaycan Turizm İnstitutunun (ATİ) 2012-2013-cü il üçün qəbul planında dəyişiklik edilib.
ATİ-nin Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı Nəsir Nəsirlidən aldığımız məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbulu planı artırılıb. Bu, əsasən turizm və hotelçilik ixtisasına aiddir. Bu ixtisasa əlavə 50 nəfər tələbə qəbulu nəzərdə tutulur. Menecment və muzeyşünaslıq ixtisaslarına 6, marketinq ixtisasına isə 4 nəfər əlavə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Dekanın sözlərinə görə, adıçəkilən ixtisaslar üzrə qəbul planının artırılmasının səbəbi həmin sahələr üzrə ixtisaslı kadrlara tələbatın çox olması ilə bağlıdır: «Ölkədə hotellərin sayı ildən-ilə artır. Bu gün Azərbaycanda 500-dən çox mehmanxana fəaliyyət göstərir. Eləcə də turizm şirkətlərinin sayı artır. Turizm müəssisələrini ixtisaslı kadrlarla təmin etmək lazımdır. Bilirsiniz ki, Turizm İnstitutu bu istiqamətdə ölkədə yeganə ixtisaslı kadr hazırlayan ali təhsil müəssisəsidir. Bu il institutumuzun 3-cü məzun buraxılışı oldu. İndiyə qədər 300-dən çox tələbə diplom alıb. Onların, demək olar ki, hamısı işlə təmin olunublar. Artıq bizdə elə bir vəziyyət yaranıb ki, tələbələr hələ 3-cü, 4-cü kursda oxuduqları zaman harada işləyəcəklərini bilirlər. Təbii ki, bunların hamısı ATİ-də tədrisin yüksək keyfiyyəti və peşəkar kadrların hazırlanması ilə bağlıdır”.
Fəxriyyə Abdullayeva