Eldor Şermanov: “Azərbaycanda tədris olunan bir sıra ixtisasların institutumuzda olmasını istərdim”

 

Xəbər verdiyimiz kimi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə (23-28 fevral) ölkəmizdə olub. Eldor Şermanovun səfər təəssüratını öyrəndik.

 

– Deyəsən, ölkəmizə – Bakıya ilk dəfə səfər edirsiniz...

– Bəli, bu mənim və heyətimizin Bakıya ilk səfəridir. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə institutumuzun bir qrup əməkdaşı ilə Bakıya gəlmişik. Təəssüratımız çox zəngindir.

 

– Bir sıra ali təhsil ocaqları və AMEA-da görüşlər keçirdiniz. Gələcək əməkdaşlıq üçün hansı perspektivlər var?

– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə qarşılıqlı əməkdaşlıq memorandumu imzaladıq. Digər universitetlərdə də görüşlərimiz, qarşılıqlı əlaqələrlə bağlı müzakirələrimiz oldu. Bizim üçün əsas mədəniyyət və incəsənət sahəsi ilə məşğul olan müəssisələrlə tanış olmaq idi. Azərbaycan Dillər Universitetində 2023-cü ildə Özbəkistan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulub. Bizim universitetdə də Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Onun fəaliyyətini daha da dinamik şəkildə davam etdirməsini istəyirik.

 

– Azərbaycan Milli Elmlər Akademiyası ilə hansı sahədə əməkdaşlıq edəcəksiniz?

– AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşdük. Bir çox vacib sahələrdə əməkdaşlığımız mümkündür. Qarşılıqlı olaraq elm adamlarının görüşlərini təşkil etmək və mübadilə həyata keçirməyi qərarlaşdırdıq.

 

– Universitetinizin tədris sistemi ilə bizim təhsil ocaqlarının fəaliyyəti arasında hansı fərqlər var?

– Bizim universitetdə bakalavr üzrə 28 ixtisas, magistratura üzrə 19 istiqamət var. İncəsənətin, demək olar ki, bütün sahələri tədris olunur. Azərbaycanda tədris olunub bizdə tədrisə salınmayan sahələr var ki, gələcəkdə bu sahələri də öz universitetimizdə görmək istərdim. Məsələn, sizdə teatr rəssamlığı var, turizm menecmenti kimi ixtisaslar tədris olunur. Bu istiqamətləri öz institutumuzda tətbiq etmək fikrindəyəm. Qarşılıqlı əməkdaşlıq sahəsində bu sahələr üzrə sizin müəllim heyətinin bizdə tədrisini reallaşdırmaq arzusundayıq.

 

– Amma Özbəkistanda ümumi rəssamlıq təhsili var...

– Bəli, Daşkənd Dövlət Rəssamlıq və Dizayn İnstitutu var. Biz öz təhsil müəssisəmizdə teatr və kino rəssamlığını açmaq istərdik. Azərbaycanın bu təcrübəsini tətbiq etmək işin xeyrinə olar.

 

– Bundan əvvəl təhsillə bağlı əməkdaşlığın səviyyəsi necə idi?

– Əlaqələr vardı, amma çox zəif idi. Bu gün Azərbaycan və Özbəkistan arasında digər sahələrlə yanaşı mədəniyyət sahəsində də əlaqələri ən yüksək səviyyəyə qaldırmalıyıq. İnanıram ki, bundan sonra bu münasibətlər daha da inkişaf edəcək. Qarşılıqlı olaraq ayda dörd tələbə və dörd professor mübadilə edəcəyik. Düşünürəm ki, bu da təcrübə mübadiləsi baxımından mühüm addım olacaq.

 

– Azərbaycandan ilk olaraq kim nəzərdə tutulub?

– Tanınmış kinorejissor Oqtay Mirqasımovla razılıq əldə edildi. O, aprel ayında bizim institutda dərs keçəcək.

 

– Birgə layihələr nəzərdə tutulub?

– May ayında Daşkənddə türk dövlətlərindən tələbələrin teatr tamaşalarından ibarət festival təşkil olunacaq. Festivalda iştirak üçün Azərbaycanda memorandum imzaladığımız bütün təhsil müəssisələrinə dəvətnamə göndərəcəyik. Festival TÜRKSOY-un təşəbbüsü ilə keçiriləcək. Bundan əlavə, tələbələrin iştirakı ilə kinofestival da təşkil edəcəyik.

 

– Azərbaycanla hansı sahədə əməkdaşlığa daha çox ehtiyac var?

– Düşünürəm ki, etnoqrafiya sahəsinə, folklorumuzun araşdırılmasına böyük ehtiyac var. Azərbaycanla bağlı Özbəkistanda dissertasiya müdafiə edənlər azdır, eləcə də əksinə. Ölkələrimizin etnoqrafiyası, folkloru, qədim muğam sənəti, rəqslər sahəsində qarşılıqlı tədqiqatlar çox vacibdir.

 

– Söhbətin əvvəlində “Bakı bizi təəccübləndirib” dediniz. Paytaxtımız haqqında təəssüratınız necədir?

– Dənizkənarı Milli Parkda olduq. Həm orta nəsil, həm də gənclərdə vətənpərvərlik duyğusunu gördük. Təəccüb etdiyim və Özbəkistanda da bölüşmək istədiyim məqam isə bu məkanlarda Üzeyir bəyin musiqisinin, muğam musiqilərinin səsləndirilməsidir. Bu, çox qürurverici haldır. Ölkə öz mədəniyyətini, musiqisini təbliğ edir. Həmçinin Beynəlxalq Muğam Mərkəzi bizdə böyük təəssürat yaratdı. Şəhərin görkəmli yerində belə bir mərkəzin olması könülaçan mənzərədir. Ümumiyyətlə, mədəniyyətimiz birdir, dillərimiz yaxındır. Həm keçirdiyimiz görüşlərdə, həm də şəhərdə gəzərkən çox böyük sevgi ilə qarşılandıq.

Lalə Azəri