Bu il milli opera səhnəmizin ilk qadın ifaçılarından Xalq artisti Fatma Muxtarovanın anadan olmasının 130 illiyidir. Bənzərsiz sənəti ilə yaddaşlarda dərin iz qoyan səhnə xadiminin şöhrəti ölkəmizin hüdudlarından kənara da yayılıb. Yubiley ilində aktrisanın ömür və sənət yoluna nəzər salırıq.
Fəlsəfə doktoru İmran Axundov Fatma Muxtarova haqqında monoqrafiyasında onun həyat yolundan ətraflı söhbət açır. Fatma Muxtarovanın valideynlərini tale indiki Belarus ilə Polşa sərhədində qəsəbələrdən birində rastlaşdırır. Polşa tatarlarından olan 15 yaşlı Sara imkanlı bir yəhudinin evində qulluqçu işləyirdi, Cənubi Azərbaycanın Urmiya şəhərindən olan 19 yaşlı Abbas Rzayev bura gətirdiyi meyvə qurusunu satmaqla məşğul idi. Sara ilə Abbas ilk baxışdan bir-birlərinə aşıq olurlar. Ancaq bu işin baş tutmayacağını hiss edən Abbas Saranı qaçırır. Qızın atası Mustafadan qorxan gənclər bir müddət üzə çıxmırlar. Hər şeyin bir axırı olduğu kimi, bu iş də öz yoluna düşür. Abbas ailə qurduqdan sonra Sara ilə Urmiyaya qayıdır...
26 mart 1893-cü ildə bu ailədə bir qız övladı dünyaya gəlir və adını Fatma qoyurlar. 1896-cı ildə Abbas Rzayev ailəsini də götürüb Rusiyaya gedir. Onlar əvvəlcə Rostovda, sonra isə Sankt-Peterburq şəhərində məskunlaşırlar. Ancaq çox keçmir A.Rzayev xəstələnir, 1901-ci ildə vəfat edir. Atasından Fatmaya ancaq səsi yadigar qalır...
Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı başqa cənublu soydaşımızla ailə qurur. Onlar 1910-cu ildə Saratov şəhərinə köçür. Fatma ailəyə kömək məqsədilə şəhərin küçələrində şarmanka musiqi alətində ifa etməyə məcbur edilir və mahnılar oxuyur. Saratovda “Katya Muxtarova” və ya “Şarmankaçı Katya” kimi tanınır...
Fatma atası ilə bağlı xatirələrində yazıb: “Deyirlər ki, onun güclü qolları, məlahətli və gur bariton səsi olub. Həmişə də yerdə, xalça üzərində əyləşər və tar çala-çala mahnı oxuyarmış. Mənim ilk dəfə yeridiyimi görəndə cibindən bir neçə qızıl sikkə çıxarıb və ayaqlarım altına qoyub. Belə bir qədim adət varmış: körpə böyüyəndə xoşbəxt və zəngin olsun deyə ilk dəfə yeriyəndə ayaqları altına qızıl tökərmişlər...”.
Gözəl və şirin səsli, rus dilində sərbəst danışmağı bacaran balaca Fatma bir parça çörək üçün ağır zəhmətlərə qatlaşır. Sonralar ifaçılığını qarmonun müşayiəti ilə davam etdirir. Yeni-yeni serenadalar, nəğmələr, hətta qədim rus romanslarını özünün “küçə repertuarı”na daxil edir. “Katya” təxəllüsü ilə tanınan müğənni çox keçmir rus meydan teatrının təmsilçilərinə qoşulur. Bir müddət küçə oyunbazları ilə şəhərləri gəzir. İstedadlı müğənnini təsadüfən “Saratovskaya vedomosti” qəzetinin redaktoru A.Arxangelski də dinləyir. Bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran qalır. O elə həmin gün bu barədə Saratov Konservatoriyasının professoru M.Medvedyevə danışır. Bu iki ziyalının xeyirxahlığı sayəsində o, daha ciddi sənət aləminə qovuşur. Rusiyada vətəndaş müharibəsi illərində Fatma Muxtarova təbliğat-konsert briqadalarının tərkibində çıxış edir.
1920-ci ildən başlayaraq Kazan, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və Tiflis opera teatrlarında oxuyur. Avropa və rus klassik sənətkarlarının əsərlərinin füsunkar ifaçısı kimi şöhrət tapır. Bu səbəbdən də tez-tez bir teatrdan başqa bir teatra dəvətlər alır. Lakin Fatma Azərbaycan səhnəsində çıxış etmək arzusunda olur. Bu məqsədlə o, 1923-cü ildə Azərbaycan peşəkar teatrının 50 illiyi ilə bağlı bir təbrik məktubu göndərir: “Gənc Azərbaycan teatrına rus opera səhnəsindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram”.
F.Muxtarova 1923-cü ildə Bakıya gəlir. İlk çıxışı da “Karmen” operasında olur. Bütün tamaşa boyu onun ifası sürəkli alqışlarla qarşılanır. Həmin vaxt Bakıda olan tanınmış rus rəssamı İ.Brodski opera teatrında C.Bizenin “Karmen” tamaşasına baxır. Karmen rolunu F.Muxtarovanın ifasında dinləyir və bənzərsiz sənətçini dünyanın ən gözəl Karmeni adlandırır. 1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür. Azərbaycan opera səhnəsində bənzərsiz obrazlar yaradır.
Vokal ifaçılığının ən zərif və emosional incəliklərini mənimsəyən F.Muxtarova 1953-cü ilə qədər Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərir. Mütəxəssislər onun sənətindən, yaradıcılığından bəhs edərkən əsas partiyaları bu düzümdə göstərirlər: Marfa və Marina, (“Xovanşina” – Modest Musorqski), Lyubaşa, Bahar (“Çar gəlini” və “Qar qız” – Nikolay Rimski-Korsakov), Amneris, Auzçena, Madalena (“Aida”, “Trubadur” və “Riqoletto” – Cüzeppe Verdi), Dalila (“Samson və Dalila” – Kamil Sen-Sans), Əzra (“Nizami” – Əfrasiyab Bədəlbəyli). Onun yaradıcılığının zirvəsi isə Karmen partiyası olur. Bu partiyanı həm Azərbaycan, həm də rus dillərində bənzərsiz tərzdə oxuyub.
Səksənillik ömrünün 60 ildən çoxunu teatra həsr edən məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından bəhs edərkən azərbaycanlı Fatma Muxtarova haqqında deyib: “Fatma Muxtarova hər şeydən əvvəl alovlu, vulkanik temperament deməkdir. Mən bütün həyatım boyu F.Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm. Bu, çox illər əvvəl Moskvaya gəlmiş italyan tragiki De Qrasso idi. Fatma Muxtarova kimi o da sadə bir adam və yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılığı da F.Muxtarovanın surətləri kimi çılğın idi. Onların hər ikisinə də təbiət xüsusi bir vergi bağışlayıb: qarşısıalınmaz intuisiya vergisi, ən yüksək həqiqətləri kəşf etmək vergisi”.
Onu da deyək ki, F.Muxtarova müxtəlif opera teatrlarının səhnəsində klassik ifaçılardan Fyodor Şalyapin, Bülbül, Sergey Lemeşev ilə birgə çıxış edib. Solist kimi dünyanın bir sıra konsert salonlarında möhtəşəm çıxışlar edib. Tiflis opera teatrının səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin inkişafındakı böyük xidmətlərinə görə vokal ustası, opera solisti, 1936-cı ildə “Gürcüstanın Əməkdar artisti”, 1940-cı ildə isə “Azərbaycanın Xalq artisti” fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün ixtiyar çağında, 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib.
S.Fərəcov