Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinin tamam olduğu bu günlərdə Sumqayıt Dövlət Dram Teatrı öz yubileyini – 55 yaşını qeyd edir. 12 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılan teatr bir il sonra, 1969-cu ilin 14 martında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası (quruluşçu rejissor Cənnət Səlimova) ilə pərdələrini sənətsevərlərə açıb.
Ötən müddətdə yaradıcı kollektiv zəngin sənət yolu keçib, müxtəlif festivallardan mükafatla qayıdıb. Azərbaycan və dünya dramaturgiyasının bir çox nümunələri bu teatrın səhnəsindən tamaşaçılara çatdırılıb, onlara bədii-estetik zövq bəxş edib.
55 ildən sonra yenə Mirzə Fətəli Axundzadənin məşhur əsərinin qəhrəmanları yubiley axşamında tamaşaçıları salamladılar. Bu dəfə “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasına teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Yubiley tamaşasından öncə teatrın rəhbərliyi, qonaqlar çıxış ediblər. Dövlətin mədəniyyət siyasətində teatrın prioritet istiqamət tutduğu vurğulanıb, Sumqayıt Dövlət Dram Teatrının uğurları sadalanıb.
Firudin Məhərrəmovun maraqlı rejissor traktovkasında təqdim olunan tamaşa alqışlarla qarşılanıb.
Tamaşadan sonra teatrın 55 illiyi münasibətilə Əməkdar artistlər Vidadi Məmmədov, Fəranə Musayeva, aktyorlar Dağlar Rüstəmov və İlham Səfərliyə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim olunub.