Mədəniyyət Nazirliyinin ötən ilin yazından həyata keçirdiyi “Yeni adlar” layihəsi davam edir. Müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Martın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihənin növbəti konserti keçirildi.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və digər qonaqlar iştirak edirdi.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Mustafa Mehmandarov) müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Ləman Əsədova (violin) və Hüseyn Nağıyev (kamança) maraqlı proqramla çıxış etdilər.

Ləman Əsədovanın ifasında L.Bethovenin “Violin və orkestr üçün konsert” (re major op.61, 3 hissədə), Hüseyn Nağıyevın təqdimatında isə H.Xanməmmədovun “Kamança və orkestr üçün konsert” əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

***

Ləman Əsədova 1999-cu ildə Bakıda anadan olub. 2017-ci ildə violin ixtisası üzrə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 2021-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BMA-nın magistr pilləsində Xalq artisti, professor Zəhra Quliyevanın sinfində təhsilini davam etdirir.

2014-cü ildə Rusiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə I yerə layiq görülüb. 2015-ci ildə Oryol şəhərində (Rusiya) “Delfi oyunları” beynəlxalq müsabiqəsi və Novosibirskdə gənc ifaçıların P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsində diplom və sertifikatla təltif olunub.

***

Hüseyn Nağıyev 2004-cü ildə Bakıda anadan olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyası (AMK) tərkibində İncəsənət Gimnaziyasını kamança sinfi üzrə bitirib. AMK-nın İnstrumental ifaçılıq fakültəsində təhsilini davam etdirir.

2019-cu ildə Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində, 2020-ci ildə “World harmony“ III beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2019-cu ildə Rusiyada keçirilən XVI “Moskva dostları qarşılayır” festivalında ölkəmizi təmsil edib. Gənc musiqiçi 2021-ci ildən Xalq artisti Malik Mansurovun rəhbərliyi ilə “Naz-nazı” instrumental ansamblında solist kimi fəaliyyət göstərir.

Nurəddin