Masallı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın füsunkar guşələrindən biridir. Rayonun bir tərəfi Talış dağları və meşələri, bir tərəfi isə Xəzər dənizi ilə əhatə olunub. Bütün bunlar Masallıda turizmin inkişafı üçün gözəl zəmindir. Hələ yüz illər əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar bu torpağın şəfalı qaynar suyundan istifadə ediblər. Bu gün rayon beynəlxalq standartlara cavab verən turist xidməti imkanlarına malikdir.
   Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovadan aldığımız məlumata görə, bölgədə ümumilikdə 1016 yerləşdirmə yeri olan 31 turist obyekti fəaliyyət göstərir. Obyektlərdən 26-sı Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. 2011-ci ildə rayona 16465 turist gəlib ki, onların da 675 nəfəri əcnəbilər olub. Bu ilin ilk altı ayında isə Masallıya 7157 turist, o cümlədən 307 nəfər xarici ölkə vətəndaşı gəlib.
   Rayondakı İstisu sanatoriyasının yaxınlığında yerləşən “Daşvənd” ən çox turist qəbul edən hotellərdəndir. Buranın bütün otaqları Avropa üslubunda təmir edilib. Hoteldə konfrans-zal, restoran və bar, sauna, süni göldə qayıq sürmə və hovuz, mini zoopark, kotteclər, müasir standartlara cavab verən idman qurğuları var.
   
   Fəxriyyə Abdullayeva